руccкий
english
РЕГИСТРАЦИЯ
ВХОД
Баку:
25 апр.
19:28
Журналы
Куплю остров
© Portu

Энциклопедия / Живопись

Изменить категорию | Все статьи категории

Zakir Hüseynov

23.9.1961 - 31.10.2010

Hüseynov Zakir Ağaxan oğlu 1961-ci il sentyabr 23-də Bakının Əmircan kəndində anadan olmuşdur. Hələ uşaqkən rəsm dərnəyində İslam Müzəffərovdan sənətin sirlərini öyrənən Zakirdə rəssamlığa böyük maraq yaranmışdır. Zakir Hüseynov kəndlərindəki 226 saylı orta məktəbi bitirdikdən sonra Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinə (indiki İncəsənət Kolleci) daxil olmuş, burada toxuculuq şöbəsində (1979-1985) təhsil almışdır. Onun sənət müəllimi Şairə Ələsgərova və Böyükağa Salahov olmuşdur. O, məktəbi bitirdikdən sonra toxuculuq kombinatına təyinat alsa da, oraya getməmiş, daha ciddi sənətlə məşğul olmuş, öz istəklərini, arzularını gerçəkləşdirmişdi. Həmçinin Bakı yod zavodunda (1985 – 1986), Bədii Fondun İstehsalat Yaradıcılıq Kombinatında (1986 – 1991) tərtibatçı rəssam işləmişdir. Bununla sovet toxuculuq sənayesi yəqin ki, heç bir şey itirmədi. Əvəzində milli rəngkarlığımız onun simasında həyata çox fərqli və özünəməxsus baxışı olan bir sənətkar qazandı.
Zakir Hüseynovun 1986 – 1989-cu illərdə müxtəlif miqyaslı sərgilərdə göstərdiyi işlər həm yaşıdları, həm də onu hələ tanımayan yaşlı nəsildə maraq doğurmuşdu. 1988-ci ildə Rəssamlar İttifaqının dəstəyi ilə onun əsərləri gənclərin ümumittifaq sərgisində, bir il sonra isə Budapeşt, Riqa və Moskva şəhərlərində uğurla nümayiş etdirildi. O, sovet dönəmində ciddi təzyiqlərə baxmayaraq öz üslubunu yarada bildi və bununla da milli rəngkarlığımızda bir sənətkar rəssam kimi özünəməxsus yer tutdu. 30 illik yaradıcılıq yolunda bu sənətin dərvişinə, döyüşçüsünə, fədaisinə çevrildi.
Çoxəsrlik milli bədii ənənələrə müraciət edən rəssamlardan olan Zakir Hüseynov öz yaradıcılığı ilə Azərbaycan incəsənətini təbliğ etmişdir. Rəssamın yaradıcılığında xüsusilə Abşeron təbiəti böyük məharətlə tərənnüm olunmuşdur. 1978-ci ildən başlayaraq ömrünün sonuna qədər müxtəlif miqyaslı sərgilərin, o cümlədən Qazaxıstanda, Rusiyada, Gürcüstanda, Fransada, Macarıstanda, Latviyada keçilən beynəlxalq sərgiləri, “Azərbaycan mədəniyyəti günləri”nin (Abu-dahi, BƏƏ, 1989), Beynəlxalq Təsviri sənət Festivalının (Gəncə, 2006) və s. tədbirlərin iştirakçısı olmuşdur. 2005-ci ildə “Qazelli evi” şirkətinin təşkilatçılığı ilə fərdi sərgisi, 2006-cı ildə “Yeni qalereya”da Sənubər Səmədova və Eldar Babazadə ilə birgə sərgisi keçirilmişdir. 2011-ci ildə “Abşeron” qalereyasında keçirillməsi nəzərdə tutulan, hətta kataloqu da çap olunan fərdi sərgisi xəstəliyi səbəbi ilə baş tutmamışdır. Əsərləri Azərbaycan, Rusiya, ABŞ, İngiltərə, Türkiyə, Fransa, Kanada, Hollandiya və Avstraliya kimi ölkələrin nüfuzlu kolleksiyalarını və muzeylərini bəzəyir. Bir neçə əsəri Azərbaycan Milli İncəsənət Muzeyinin və Müasir incəsənət muzeyinin daimi ekspozisiyasındadır. Yaradıcılığı barəsində vaxtaşırı Azərbaycan və xarici ölkə mətbuatında çoxsaylı məqalələr dərc olunur.
1988-ci ildən Bakı İncəsənət Mərkəzinin, 1996 – 2003-cı illərdə “Labirint” İncəsənət Xadimləri Cəmiyyətinin, 2006 – 2010-cu illərdə “Bakı” qalereyasında fəaliyyət göstərən yaradıcı qrupun, 1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü olmuşdur.
Zakir Hüseynov 2010-cu il oktyabrın 31-də uzun sürən xəstəlikdən sonra 49 yaşında dünyasını dəyişmişdir. O, az ömür sürsə də, sənətdə öz sözünü deyə bilmişdir. Heç bir fəxri ad almasa da, sözün əsl mənasında xalqın rəssamı olmuşdur. O özünü rəssamlıq məkanımızın “tənha döyüşçüsü” adlandırırdı. Elə buna görə də sənətşünas Ziyadxan Əliyev rəssamın həyat və yaradıcılığına, əsərlərinin təhlilinə həsr etdiyi kitab-albomu “Tənha döyüşçü” adlandırmışdır. 2011-ci il dekabrın 7-də Xətai Miniatür Sənəti Qalereyasında dünyadan vaxtsız köçmüş sənətkarın 50 illik yubileyinə həsr olunmuş fərdi sərgisində bu kitabın təqdimat mərasimi keçirilmişdir.

 
Сайт: https://www.facebook.com/rubilsuleymanli/photos/a.220616061481560/392748274268337/?type=3&theater


Журналы
Тыловое
© Rosish