руccкий
english
РЕГИСТРАЦИЯ
ВХОД
Баку:
26 апр.
17:05
Журналы
Остров
© Leshinski
Все записи | Проза
четверг, декабрь 29, 2011

Ramiz Rövşən. Əmircanın “Stalini”

aвтор: Rubil ®
1

Ramiz Rövşən

 

Əmircanın “Stalini”

 

Əmircan kəndində uşaqdan-böyüyə bütün camaatın küçəyə tökülüşməyini mən cəmi iki dəfə, özü də, təxminən qırx il bundan əvvəl görmüşəm; bir Yuri Qaqarin kosmosa uçanda, bir də, əmircanlı Söhrab evlənəndə.Birinci dəfə küçəyə çıxanların hamısı gözünü zilləyib, içində Qaqarin olan həmin o peyki görmək istəyirdi. İkinci dəfə hamı Söhrabın toyuna gələn maşınlara tamaşa eləmək üçün küçəyə çıxmışdı; çünki o günəcən Əmircanda o qədər maşın görünməmişdi.Yalan-doğru, deyirdilər ki, Söhrabın toyuna Bakının o vaxtkı böyüyü Əliş Ləmbəranski başda olmaqla neçə-neçə nazirdən, prokurordan tutmuş, Rusiyətin ən məşhur oğrularına, quldurlarınacan yüzlərnən qonaq gəlmişdi. Hətta danışırdılar ki, bu cürə həlləm-qəlləm qonaqların qorxusundan Bakıda fövqəladə vəziyyət elan olunubmuş. Amma həmin o toy günü bu boyda şəhərdə bircə dənə cinayət də baş verməmişdi; nə adam vurulmuşdu, nə oğurluq olmuşdu, nə cibgirlik... Bu da, şəhərdəki bütün lotuların, oğruların, quldurların Söhraba olan böyük hörmətinin nişanəsiydi.Qırx illik ömrünün ən azı iyirmi ilini türmələrdə keçirsə də, Söhrabın hörmətinə, doğrudan da, söz ola bilməzdi.Amma camaatın Söhraba hörmətində sevgidən çox qorxu vardı. Özü də, bu qorxu çoxuna ləzzət verirdi. İllah da ki, yaşlı adamlara. Çünki bu adamlar otuz yeddini görmüşdülər, müharibədə olmuşdular, demək olar ki, bütün ömürlərini qorxu içində yaşamışdılar; tutulmaq qorxusu, öldürülmək qorxusu... Və papirosa, arağa öyrəşdikləri kimi qorxuya da öyrəşmişdilər. Amma neçə ildi ki, bu adamların ən qorxa-qorxa sevdikləri və sevə-sevə qorxduqları adam (Yəni, kim? Yəni, yoldaş Stalin!) ölmüşdü. Və bu camaatın ürəyindəki həmin o sevgi dolu qorxunun, qorxu dolu sevginin yeri boş qalmışdı. O boşluğu heç nəylə doldurmaq mümkün deyildi; nə ər-arvad məhəbbətiylə, nə oğul-uşaq sevgisiylə. Və bəlkə də, Allah Söhrabı bu camaata elə həmin o boşluğu doldurmaqdan ötrü göndərmişdi.

Söhrab Əmircan kəndinin "Stalin"i idi. Stalin kimi sevimli, zəhmli və yeri gələndə, həm də, rəhmliydi. Söhrabın zəhmi necəydi, rəhmi necə?..Bunu mən də bilirdim. Özü də, Söhrabın toyundan çox-çox qabaq,lap uşaqlıqdan bilirdim.Onda heç məktəbə də getmirdim. Stalin təzəcə ölmüşdü, Söhrab da, Allah bilir neçənci dəfə tutulandan sonra türmədən təzəcə çıxıb gəlmişdi. Və bizim evdə yas-yasa qarışmışdı; bir yandan Stalinin ölməyi, bir yandan da, Söhrabın gəlməyi. Çünki Söhrab gələn kimi əmimi hədələmişdi.

Əmimin iyirmi üç yaşı vardı, özü də, heç qabaqdan yeyən deyildi, Söhrab türmədə olanda da, əmim hardasa onun qarasına yekə-yekə danışmışdı. Bunu da, gələn kimi qoymuşdular Söhrabın ovcuna, Söhrab da demişdi ki, yaxşı, mən onun dilini kəsərəm!.."Kəsərəm" demişdisə, kəsəcəkdi.Əmimin Razində dükanı vardı. Amma Söhrabın qorxusundan nənəm onu dükana getməyə qoymurdu, qapının ağzını kəsib ağlayırdı:

— Getmə, — deyirdi, — getsən, özümü öldürrəm!..

Əmim onu itələyirdi:

— Burax gedim, — deyirdi, — məni biabır eləmə. Söhrab kimdi ki, mən ondan qorxum?! Burax gedim!..

Deməyinə deyirdi, amma getmirdi. Bir gün belə, iki gün, üç gün...Və qəribəydi ki, nənəm özünü öldürürdü, amma atamın elə bil heç nə vecinə deyildi. Atam əmimdən on yaş böyük idi, özü də milis leytenantıydı, şəhərdə işləyirdi. Səhər gedirdi, axşam qayıdırdı. Əmimin davakarlığından, yekəxanalığından da heç xoşu gəlmirdi. Və indi də, əmimin gündən-günə bir az qorxudan, bir az hirsdən, bir az da pərtlikdən qaralan sifətinə baxdıqca yəqin ürəyində deyirdi: "Qorx! Qorx! Qoy sənə dərs olsun! İndən belə ağzının sözünü bilərsən..." Amma necə olsa, qardaş ürəyiydi, üç gündən artıq dözmədi. Bir yandan, nənəm də atama rahatlıq vermirdi, deyirdi

— Get Söhrabın yanına, bir təhər yola gətir, uşaqnan işi olmasın...

Bir qohumumuz vardı, milis kapitanıydı, atam onu da çağırdı, ikisi də tapançalarını bellərindən açıb verdilər nənəmə və Söhrabın qapısına barışığa getdilər.Bir azdan evimizə şad xəbər gəldi ki, bəs Söhrab atamgilin sözünü yerə salmayıb, əmimə rəhm eləyib, günahından keçib, amma deyib ki, qoy gəlsin, qulağının dibinə bir şapalaq vurum, hirsim soyusun. Bunu eşidəndə əmim əvvəlcə qızışıb özündən çıxdı.

— O kimdi ki, mənə şapalaq vursun?!

Sonra nənəmin üstünə çığırdı:

— Hanı o tapançalar? Ver, gedim onun təpəsinə iki güllə çaxım!

Nənəm ağlaya-ağlaya:

— Tapançaları neynirsən?! — dedi, — İstəyirsən ki, hamınızı tutsunlar?.. Səni də, qardaşını da, hələ üstəlik, o yazığı da...

Nənəm həmin o kapitan qohumumuzun adını çəkdi:

— Yaxşı, siz cəhənnəm, bəs o yazığın günahı nədi?!.. — dedi.

O yazığın, doğrudan da, heç bir günahı yoxuydu və əmim deyəsən bir balaca yumşalan kimi oldu.

Nənəm onu yola gətirə-gətirə:

— Get, a bala, get, — dedi, — bir şapalaq vursun, qayıt gəl...

Və əmim getdi, Söhrab onun qulağının dibinə bir şapalaq vurdu, amma əmim özü qayıdıb gəlmədi, qucaqda gətirdilər. Söhrabın bircə şapalağıyla əmimin ürəyi getmişdi. O vaxtdan əmimin bir qulağı ağır eşidirdi. Və "Söhrabın zəhmiylə rəhminin fərqi nədi?", - bunu o vaxtdan öz uşaq ağlımla mən də çox gözəl bilirdim. Bilirdim ki, Söhrabın "zəhmi" adamın dilini kəsib lal qoya bilər. Amma Söhrabın "rəhmi" də, adamı kar qoya bilərdi...

Sözün düzü, Söhrabın haçansa, lap qırx yaşında da olsa, evlənib arvad-uşaq sahibi olacağına Əmircanda heç kəs inanmırdı. Amma axırıncı dəfə türmədən qayıdandan bir həftə sonra Söhrab gedib ən uzaq rayonların birindən (Əslində Söhrab Masazırdan evlənmişdi. - R.S.) ən azı iki dəfə özündən cavan bir qız gətirdi və Əmircanda o vaxtacan tayı-bərabəri görünməyən təmtəraqlı bir toy elədi. Deyirdilər ki, aldığı qızın atası türmədə Söhrabın kamera yoldaşıymış. Bir ağsaqqal, xəstəhal kişiymiş, özü də, yaman dindarımış. Bu vaxtacan kəlməyi-şəhadətini də düz əməlli bilməyən Söhrab o kişinin sayəsində Quranı indi az qala əzbər bilirdi. Əslində, o kişinin heç günahı-zadı da yoxumuş. Yazığın üstünə şər atıb tutmuşdular, özünə də on beş il verib basmışdılar türməyə. Amma o yazıq, türmədə on beş il nədi, heç on beş ay da dözməmişdi. Öləndə də, Söhraba vəsiyyət eləmişdi ki, bu oğurluq-quldurluq hamısı şeytan əməlidi, bunlardan əl çək, Allahın yoluyla get.Sonra da demişdi ki, bəs mənim evim filan rayonun filan kəndindədi. Bir cavan, halal süd əmmiş qızım var, onu da sənə halal eləyirəm. Türmədən çıxan kimi get, o qızı gətir, evlən, arvad-uşaq sahibi ol. O qızı sənə, səni də Allaha tapşırıram! Söhrab da, o yazıq öləndən bir il sonra türmədən çıxmışdı, çıxan kimi də o kişinin vəsiyyətini yerinə yetirib o qızı almışdı, bütün şeytan əməllərindən, oğurluqdan-filandan da əl çəkmişdi, tüfəngini-tapançasını, xəncərini-bıçağını da bağlamaya büküb biryolluq torpağa basdırmışdı. İndi Söhrab gündə beş dəfə namaz qılırdı, məscidə gedirdi, məscidin böyründəki çayxanada oturub kəndin ağsaqqallarıyla çay içə-içə saatlarnan söhbət eləyirdi və qəribədi ki, bu cürə dinc yaşaya-yaşaya gündən-günə varlanırdı, pullanırdı, hörməti, şan-şöhrəti artırdı. Özü də, təkcə camaatın içində yox, oğruların-quldurların arasında da. Təkcə Bakıda yox, Azərbaycanda yox, bütün SSRİ-də də...

Çox-çox məhkəmələrin görə bilmədiyi işi indi Söhrab təkbaşına görürdü. Borcluların borcunu qaytarırdı, ən çətin, ən qəliz "razborka"larda kimin haqlı, kimin haqsız olduğunu ayırd eləməkdən ötrü Söhrabı Tiflisə, Odessaya, Kiyevə, hətta Moskvaya aparırdılar və hər yerdə Söhrabın dediyi qanun olurdu, çünki hamı bilirdi ki, Söhrab Allah adamıdı, heç vaxt haqqı qoyub nahaqqı deməz.Və aydın məsələdi ki, heç hardan da Söhrab əliboş qayıtmırdı; ona çamadannan pul da verirdilər, maşın da bağışlayırdılar, qızıl da, brilyant da. Bu minvalnan doqquz ay ötəndən sonra, yəni, oğlu dünyaya gələn gün Söhrab təkcə Əmircanın yox, bəlkə də, bütün Azərbaycanın ən varlı adamlarından biriydi.

Amma həmin gün, axşamüstü, qarnı burnuna dirənən arvadının qəfil ağrısı tutanda, Söhrab zar-zar zarıldayan o yazığı həyətindəki iri qarajda yan-yana düzülüb par-par parıldayan üç maşından, "Volqa"dan, "ZİM"dən, "Pobeda"dan heç birinə mindirib xəstəxanaya-zada aparmadı. Qonşuluqdakı, belə işlərdən başı yaxşı çıxan, hərəsi neçə oğul-uşaq, nəvə-nəticə, böyütmüş ağbirçək arvadlardan üç-dördünü çağırtdırdı, o arvadları evə salıb özü həyətdən çıxdı...O axşam Söhrabı kənd içində görənlər sonra danışırdılar ki, o cürə zəhmli adam küçəynən gedə-gedə öz-özünə gülürdü. Onu tanımasaydıq, deyərdik ki, yəqin içib.Amma türmədən çıxandan sonra Söhrab içgini də, papirosu da tərgitmişdi və bunu hamı bilirdi. İndi Söhrabın içdiyi təkcə çaydı, o axşam da evdən çıxıb özgə bir yerə yox, elə çayxanaya getmişdi. Onu çayxanada görənlər də sonra danışırdılar ki, heç Söhrabı belə kefikök görməmişdik. İçəri girən kimi cibindən bir dəstə şax yüzlük çıxartdı, o pul bu çayxananın bəlkə bir aylıq qazancından da çoxudu, verdi çayçıya:

— Bu gün hamı mənim qonağımdı! — dedi.

Özü də keçdi, həmişə oturduğu stolun başında əyləşdi, çay içə-içə ağsaqqallarnan ordan-burdan danışdı. Amma bir gözü elə qapıdaydı; yəqin evdən şad xəbər gözləyirdi. Nə isə... Deyirlər, o gün Söhrab çayxanada çox oturdu, gəlib-gedənlərin hamısı da onun hesabına çaydan, şirniyyatdan havayı yedi-içdi. Amma yox, arada bir qanqaraçılıq da oldu; kəndin təzə cayıllarından biri üç-dörd dostuynan çay içib duranda stolun üstünə bir qırmızı onluq atdı. Əslində, içdikləri çayın qiyməti uzaqbaşı bir-iki manat eləyərdi. Bir də ki, nə qiymət? Bu gün hamı Söhrabın qonağıydı...Çayçı da elə bunu deyib pulu qaytardı, amma oğlan götürmədi:

— Mənə heç kəsin qonaqlığı lazım deyil,- dedi, — Puluvu al!

Amma çayçı da pulu almaq istəmirdi. Eləcə, pul qalmışdı aralıqda; nə o yiyə çıxırdı, nə bu. Çayxanadakılar da pərt olmuşdular. Çünkü məsələ pulda deyildi; bu açıq-aşkar Söhraba sataşmaq ıdı. Söhrab özü də, oturub çay içə-içə bu həngaməyə tamaşa eləyirdi. Axırda üzünü çayçıya tutub:

— Pulu götür, — dedi.

Və çayçı kirimişcə o qırmızı onluğu cibinə qoydu.Sonra Söhrab barmağıyla oğlanı yanına çağırdı.Oğlan ona yaxınlaşıb, yuxarıdan aşağı hikkəli-hikkəli baxa-baxa:

— Nə var?! — dedi.

Söhrab heç nə demədi, elə oturduğu yerdəcə əlinin dalıyla onun qulağının dibinə bir şapalaq ilişdirdi.Amma Söhrabın şapalağında deyəsən əvvəlki güc qalmamışdı; oğlan səndələsə də, yıxılmadı. Tez özünü düzəldib əlini cibinə atmaq istədi; aydın məsələdi ki, fikri pul çıxartmaq deyildi. Amma dostları tez onu qamarladılar, darta-darta çayxanadan çıxarıb apardılar.Hamı da elə bildi ki, məsələ bitdi. Qalan qaldı, gedən getdi. O şuluq salan oğlan kimiydi, kimlərdəniydi?.. Nə Söhrab bunu bir adamdan soruşdu, nə bir adam bunu ona dedi... Ən azı on beş il bundan əvvəl, o oğlanın ən çoxu beş yaşı olanda, Söhrab onun dayısını bıçaqlayıb türməyə düşmüşdü. Doğrudu, canı deşik-deşik olan o yazığı həkimlər neçə yerdən tikib, yamayıb, bir təhər ayaq üstə qoymuşdular. Amma yenə də, xəstəxanadan çıxanda nə ölü kimi ölüydü, nə diri kimi diri. Axır günəcən də, bir ayağı burda, biri gorda, o cürə yarımcan yaşadı. Və beş ildən sonra Söhrab türmədən qayıdıb Əmircan torpağına ayaq basanda, o yazıq Əmircan qəbristanlığında, torpağın altında yatırdı...Bu dediklərimi o gecə çayxanada olanların çoxu bilirdi, amma bunu deyib Söhrabın kefini pozmaq istəmirdilər. Ancaq Söhrabın kefi onsuz da pozulmuşdu. Neçə saatdı çayxanada oturub çay içə-içə gözləyirdi; evdən nə bir şad xəbər gətirən, nə muştuluğa gələn vardı.Bir yandan da ki, tanımadığı o gədənin yekəbaşlığı! Çayxanadakılar da pərt olmuşdular. Elə bil hər şeyin dadı- tamı qaçmışdı; qəndin də, çayın da... Və Söhrab qəfil yerindən qalxanda, hamıyla sağollaşıb qapıdan çıxanda, camaat elə bil yüngülləşən kimi oldu. O çayxanayla Söhrabın evinin arası beş-on dəqiqəlik yoluydu. Amma o gecə o yolu başa vurmağa Söhrabın ömrü bəs eləmədi...Çayxanadakıların çoxu sonralar özünü qınayırdı ki, niyə çıxıb Söhrabı yola salmadıq, qapısınacan ötürmədik.Amma kimin ağlına gələrdi ki, bu vaxtacan əzrayıl kimi neçələrinin canını alan Söhrab, ondan dayısının intiqamını alan bir uşağın bıçağına qurban gedəcək?!.Deyirlər ki, o gədə məhkəmədə hər şeyi olduğu kimi danışmışdı; qaranlıq tində gizlənib Söhrabı necə pusmağını da, Söhrab tini burulanda bıçağı var gücüylə onun böyrünə sancıb necə qaçmağını da demişdi. O bıçağı öz böyründən Söhrab özü dartıb çıxartmışdı, eləcə, qanı axa-axa gedib evə çatmışdı, amma nədənsə həyətə girməmişdi, bayırda, hasarın dibində oturmuşdu, elə oturduğu yerdə də ölmüşdü. Səhər açılanda Söhrabın meyitini hasarın dibindən tapdılar.Meyiti yoxlayan həkimlər demişdilər ki, Söhrab aldığı yaradan yox, qanaxmadan ölüb. Əgər vaxtında həkimə çatdırsaydılar, ölməzdi. Qəribədi, görəsən həyətindəki qarajda üç maşın dura-dura, içi qohum-qonşu qarışıq Əmircanın yarısı şofer ola-ola, Söhrab niyə heç kəsi köməyinə çağırmamışdı? Ya da, qarajdakı o maşınlardan birinə minib, lap qanı axa-axa da olsa, özünü niyə bir xəstəxanaya-zada çatdırmamışdı?! Söhrabı yaxşı tanıyanlar deyirdilər ki, yəqin bir heyvərə uşağın onu bıçaqlamağını Söhrab heç cürə şəninə sığışdıra bilməmişdi və o kökdə, qanı axa-axa, heç kəsin gözünə görünmək istəməmişdi. O gecə, Söhrab çayxanadan çıxıb gedəndən bircə saat sonra, Söhrabgildəki ağbirçək arvadlardan birinin nəvəsi yüyürə-yüyürə özünü çayxanaya çatdırmışdı, Söhrabın dünyaya gələn oğlunun xəbərini ona deyib, muştuluq almaq istəmişdi. Amma çayxananın qapısı bağlıydı. Görünür, Söhrab gedəndən sonra oturub çay içməyə heç kəsin həvəsi qalmamışdı. Bir də ki, oğlu doğulandan sonra bəlkə Söhrab özü də heç uzaqda deyildi, qanı axa-axa bayırda, hasarın dibində oturub o doğulan uşağın çığırtısına qulaq asırdı. Və həmin dəqiqə Söhrabın ən böyük arzusu, yəqin ki, o uşağı görməkdi. Amma yox, Söhrab o kökdə heç təzə doğulan o körpənin gözünə də görünmək istəməzdi. Ancaq kim bilir, bu dəqiqə həyətdə şadyanalıq eləyən, bir-birinə gözaydınlığı verə-verə Söhrabın yolunu gözləyən o ağbirçək arvadlar çıxıb getsəydilər, Söhrab sürünə-sürünə də olsa, xəlvətcə həyətə girərdi, bir təhər dikəlib heç olmasa pəncərədən o körpəyə baxardı.Amma Söhrab gəlib çıxmayınca, o arvadların deyəsən çıxıb getmək fikri yoxuydu…

... O arvadlar Söhrabdan muştuluq almaq istəyirdilər...

loading загрузка
ОТКАЗ ОТ ОТВЕТСТВЕННОСТИ: BakuPages.com (Baku.ru) не несет ответственности за содержимое этой страницы. Все товарные знаки и торговые марки, упомянутые на этой странице, а также названия продуктов и предприятий, сайтов, изданий и газет, являются собственностью их владельцев.

Журналы
Данута Гвиздалянка «Мечислав Вайнберг — компози...
© violine