руccкий
english
РЕГИСТРАЦИЯ
ВХОД
Баку:
20 апр.
00:27
Журналы
Куплю остров
© Portu
Все записи | Проза
четверг, январь 24, 2013

Qaytar arzularımı

aвтор: Rubil ®
2
view

Qaytar arzularımı

 

Gənc yazıçı və radiojurnalist Təranə Ankanın Anar Hüseynzadənin “Qocanın arzuları” əsərinə yazdığı hekayə

 

Bir rəssam dostumun (Anar Hüseynzadə) emalatxanasına qonaq getmişdim. Adətim üzrə yeni çəkdiyi əsərləri ilə maraqlanır, onlara uzun- uzadı tamaşa edib fikrə gedərdim. Etiraf edim ki , Anar Hüseynzadə yaratdığı əsərlərlə məni təəccübləndirə bilir, hətta düşündürüb keçmişə də baş vurmama səbəb ola bilir. Heyranam onun çəkdiyi rəsmlərə... Sanki özümü tapıram o əsərlərdə. Bu dəfə də belə olmuşdu. Sakitcə emalatxanya daxil olub əsərlərə baxırdım. Lap qarşıda hələ rəngləri qurumayan yeni əsər mənim diqqətimi cəlb etdi. Bir qoca kişi əlində qızıl balıq tutub dayanmışdı. Əsər mənə necə təsir etdisə bir hadisəni xatırlamalı oldum. Beynimdən süzülüb gələn hadisə gözlərimin önündə canlandıqca mən də özümdən biixtiyar dodaqlarımla xəyallarımı pıçıldayırdım.

Bir gün çox uzaqlarda həm də çox uzaqlarda, bəlkə də çox yaxında elə bax burada bizdən bir az aralıda bir ailə yaşayırdı. Bu balaca ailələrinin ən şıltağı, ən dəcəliydi. Bax elə bu balaca da böyüdükcə arzuları, istəkləri özündən də çox böyüyürdü. Böyüyəcəm təhsil alacam, dünyanı gəzəcəm, istədiyim muzeyləri, tarixi yerləri gəzib sonda yorğunluğumu dənizin dibinə baş vuraraq çıxaracam... Həəə necə də gözəl günlər olacaq. Sonra işləməyə başlayacam. İllərlə aldığım bilikləri təcrübədən keçirəcəm. Savadlı kadr kimi şirkətdə ad qazanacam. Gələcəkdə yeni kəşflər edəcəm. Hamı məndən danışacaq. Bütün dünya...

Hələ sevgimə evlilik təklifinin ssenarisindən danışmıram. Bax elə burada bütün qızılgülləri qırıb ayaqları altına tökəcəm. Sonra ona yaxınlaşıb – Əzizim, bunlar sənə laiq deyillər. Axı bu güllər bir neçə günə solub gedir. Ona görə bunları sənə hədiyyə etməkdən vaz keçdim. Sənə daha əbədi olan bir hədiyyə edəcəm.

O da həyəcanlə gözlərimə baxaraq üzündə donan gülüşlə - "Nədir o hədiyyən?" deyəcək. Mən də adətim üzrə zamanı bir az ləngidib onu daha da həyəcanlandıracam. Üzümü çevirib qızılgüllərə baxacam sonra da... Sonra da sakit səslə: - Əzizim qızılgüllər çox yaşamır, mənsə onlardan daha çox yaşayacam. Sənə həyatımı, ömrümü hədiyyə etmək istəyirəm. MƏNİMLƏ EVLƏNƏRSƏ??? Artıq əlimdəki üzüyü ona tərəf uzadaraq həsrət və həyəcanla onun dodaqlarının tərpənməsini gözləyəcəm. Mənə "Hə" deməsi üçün sanki zamanı qovacam. Sonunda gözlərini qızılgüllərə dikərək Sən...Sən... Söz tapıb deyə bilmədikdə sadəcə HƏ deyib məni dünyanın xoşbəxti edəcək. Xoş günlər başlayacaq. Toy, övlad həsrəti, övladın dünyaya gəlişi, qayğılar ... Və daha nələr, nələr gözləyəcək bizi...

Bu arzulara qovuşmaq üçün zamana doğru qaçır illəri qovmaq istəyirdim. Və budur günlərin bir günü bir qoca qarşıma gəldi dayandı. Düzü ilk dəfə idi görürdüm onu. Uzan saqqallı, qəribə biçimli geyinən biri. Gəldi və heç nə demədən "Dur gedək" dedi. “Hara?” - titrəkli səsimlə soruşdum ondan. – “Ora lap uzaqlara”. – “Axı niyə?”

Oysa bir söz demədən elə hey gedirdi... Elə o anda hər şeyi anladım. O idi. O!!! Əzrayıl... Gəlmişdi məni də özü ilə aparsın. Bu anda əlindəki böyük qızıl balığı görcək bildim ki, bu mənim arzularımdır. Bax onlardır... Yox, ver mənə arzularımı. Qaytar mənə!!! Mən onlarsız adi kətan parçasıyam. Onlar məni həyatda rənglərlə məndən əsər yaradacaq. Burax arzularımı, ver mənə yalvarıram... Səninləyəmmmmm qaytarrrrrrrrrr.....

“Təranə, burdasan?” - Dostlarımın qəfil çağırışı məni öz dünyamdan qopardı. Əsərə baxarkən özüm də bilmədən hekayə yazmışdım. Hamısı yaradıcı insan olduğundan mənim bu halımı yaxşı anlayırdılar. Mənsə yenidən rəsmə baxıb düşündüm. Bir az öncə söylədiyim hekayə necə də Azərbaycan əsgərlərinin həyatına bənzəyir... Bəlkə də neçə - neçə oğullarımız "əzrayılın" əlindən öz arzularını qoparmaq istəyib... Kim bilir...

ОТКАЗ ОТ ОТВЕТСТВЕННОСТИ: BakuPages.com (Baku.ru) не несет ответственности за содержимое этой страницы. Все товарные знаки и торговые марки, упомянутые на этой странице, а также названия продуктов и предприятий, сайтов, изданий и газет, являются собственностью их владельцев.

Журналы
Картины на стене в Малаге
© violine