руccкий
english
РЕГИСТРАЦИЯ
ВХОД
Баку:
24 июль
11:56
Обозрения
Сериальное
© Eugene
Все записи | Поэзия
суббота, декабрь 15, 2012

Tofiq Bayram. Səttar çələngi

aвтор: Rubil ®
 
view

Tofiq Bayram. Səttar çələngi

 

 

Xitab

 

Sənə söz çələngi hörürəm, ustad,

Qəlbimə silinməz adın yazılıb.

Səni öz evimdə görürəm, ustad,

Başımın üstündə şəklin asılıb.

 

İllərlə səsini dinləməsəm də,

Gözlərin ən yaxın həmsöhbətimdir.

Mən sənə yaraşan söz deməsəm də,

Qəbul et, ruhuna məhəbbətimdir.

 

 

Bir sinədə üç ürək

 

Necə şer deyir bu lal qayalar?

Nə gözüm yorulur, nə könlüm doyur,

Bu dilsiz ağaclar necə oxuyur?

Dil açıb danışır rənglər, boyalar.

 

Rəssamlıq ilahi vergiydi səndə,

Bəs necə oxutdun gülü, çiçəyi?

Görünür üç ürək varmış sinəndə:

Füzuli, Üzeyir, Səttar ürəyi!

 

 

Dahilik

 

Şəninə yüz yerdə tərif, söz olub,

Rəqibin az olub desəm, düz olmaz.

Neçə siyahıdan adın pozulub,

Tarixə yazılıb, heç vaxt pozulmaz.

 

Məcnunu olduğun təbiət kimi

Xalqın ürəyində ilahiləşdin.

Bütün paxıllara bir ibrət kimi

Rəqiblər kiçildi, sən dahiləşdin.

 

 

Mənim günahım

 

Bir dəfə yanında şer oxudum,

Sən də Füzulini gətirdin dilə.

İstədim dediyim sözləri udum,

Tər töküb əridim hey gilə-gilə.

 

Sənə söz qoşuram...cəsarətə bax!

Ay ustad, bağışla, ərk edirəm.

Qəbrinin üstünə gələndə ancaq

Sənə Füzulidən şer deyirəm.

 

 

Şairin hədiyyəsi

 

Şair saatını açıb qolundan,

Sənə bağışlayıb dedi sözünü:

Əqrəblər qolunda səslənən zaman

Dinlə ürəyimin döyüntüsünü.

 

On beş il onunla ölçdün həyatı,

Dedin:-Dost bəxşişi ömrü uzadır.

...Muzeydə görürəm həmin saatı,

Onun ilk sahibi Rəsul Rzadır.

 

 

Məsçid – muzey

 

Qoşa minarəli kənd məsçidini

Ellər ziyarətə gəlir hər səhər.

Şəkli günah sayan «Quran»ı, dini

Danır divardakı əlvan lövhələr.

 

Bura könüllərin ən yaxın evi,

Kəndin yaraşığı, bəzəyi oldu.

Gözə görünməyən allahın evi

Sənət allahının muzeyi oldu.

 

 

Siqaret

 

İştahla udardın acı zəhəri,

Sinən tüstülənən ocaq kimiydi.

Çəkdiyin «Avrora» illərdən bəri

Əlində altıncı barmaq kimiydi...

 

İndi tunc heykəlsən, dağ boyda, nəhəng,

Yenə saxlamısan öz adətini:

Üfüqlər uzanıb qızıl şamlar tək

Yandırmaq istəyir siqaretini...

 

 

Yamanlığa yaxşılıq

 

Təbiət gözəllik vermədi sənə,

Həmişə gözlərin qəmə büründü.

Bir ürək bəxş etti odlu sinənə,

O ürək əlində fırçaya döndü.

 

Sən də əvəz çıxıb kamına çatdın,

Bu «pislik» hamının gəlməz əlindən;

Onu özündən də gözəl yaratdın,

Təbiət utansın öz əməlindən.

 

 

Ağlı korlar

 

Sənə «mənzərəçi» deyirdi biri,

Elə bil muğama o, caz deyirdi.

Elə bil Sabirə qəzəl şairi,

Dahi Rafaelə rəngsaz deyirdi.

 

Anlada bilmədim o ürəksizə

İnsan ürəyidir çəkdiyin çiçək.

Fırçanla sən bizi göstərdin bizə,

Bunu ağlı korlar çətin görəcək.

 

 

Sən yeriyəndə

 

Üzündə illərin qəmli naxışı

Torpağın üstündə addımlayaraq

Gözlərin yamyaşıl, saçların dümağ

Özündə gəzdirdin baharı, qışı.

 

Saçına rəng qonub dumanda, çəndə,

Gözündən yamyaşıl bir sel axırdı.

Elə bil küçəylə sən yeriyəndə

Kəpəz yeriyirdi, Göy göl axırdı.

 

 

Şöhrət

 

İş otağın ən yuxarı mərtəbədəydi,

Hər gün ora pillə-pillə çıxmaqdı peşən.

Çox dedilər aşağı düş, xətrinə dəydi,

Dedin: burda gərək Ayla, Günlə görüşəm.

 

Nə yaxşı ki, əzəl gündən axtarıb, seçib,

Öz adına layiq yerə qalxdın, ucaldın.

Sən həyatda addım-addım çətin yol keçib,

Qartal kimi əbədilik zirvədə qaldın.

 

 

Ruhun şad olsun

 

Dedin məzarımı kəndimdə qazın,

Yanıma bir fırça qoyun, bir çiçək.

Adicə bir daşa adımı yazın,

Xətrimi istəyən özü gələcək...

 

Qələm çək hər dərdin, azarın üstə,

Fırçan intizardan qoy azad olsun...

Heykəlin ucalıb məzarın üstə,

Səttar Bəhlulzadə, ruhun şad olsun!

ОТКАЗ ОТ ОТВЕТСТВЕННОСТИ: BakuPages.com (Baku.ru) не несет ответственности за содержимое этой страницы. Все товарные знаки и торговые марки, упомянутые на этой странице, а также названия продуктов и предприятий, сайтов, изданий и газет, являются собственностью их владельцев.

Общий
Песня Бессмертный Полк
© bure10