руccкий
english
РЕГИСТРАЦИЯ
ВХОД
Баку:
19 апр.
13:29
Журналы
Данута Гвиздалянка «Мечислав Вайнберг — компози...
© violine
Все записи | Статьи
суббота, декабрь 15, 2012

Саттар Бахлулзаде - 103

aвтор: Rubil ®
1
view

 

 

 

Саттар Бахлулзаде - 103

 

Сегодня день рождения выдающегося азербайджанской школы живописи, Заслуженного деятеля искусства, Народного художника, лауреата Государственной премии Саттара Бахлулзаде

 

Səttar Bəhlulzadə Dövlət Mükafatından niyə imtina etdi?

 

       "Sənət tarixində hökm sürmüş və sürməkdə olan heç bir cərəyanı xoşlamıram. Mənim üçün ən yaxşı cərəyan, sənətkar qəlbinin səsidir..." O, bütün əsərlərini qəlbinin səsi ilə yaratdı. O, zamanın ağrı- acısını öz içinə çəkib yalnız gözəllikləri əlvan rənglərlə kətan üzərinə köçürdü. "Rasional düşüncə ucbatından həməsrlərimin çoxunun hissi korşalıb. Bu hissləri təmizləmək, öz ilkin çağına qaytarmaq üçün əsərlərimi zərifliklə, gözəlliklə, musiqililiklə yükləyirəm" - bu sözlər də onun öz dilindəndir. Onun əsərlərinin ölməzliyinin, üstünlüyünün səbəbi məhz bunda idi. Bütün bu keyfiyyətlər onun adını Azərbaycan boyakarlıq sənəti tarixinə mənzərə janrının yaradıcılarından biri kimi həmişəlik həkk etdi. Söhbət Azərbaycan rəssamlıq məktəbinin ən görkəmli nümayəndələrindən biri olan Səttar Bəhlulzadədən gedir.

       Bu yazıda Səttar Bəhlulzadənin həyat və yaradıcılığından, şəxsiyyətindən danışmayacağıq. Rəssamın həyatının hamar keçmədiyini, biganəliklə, ədalətsizliklə, qarşılaşdığını, nə qədər çətinliklər gördüyünü çoxları bilir. Vaxtilə onun yaradıcılığına düzgün qiymət verilməyib. Sənətkarlığı ilə müqayisə olunmaz dərəcədə aşağı səviyyədə olan bir rəssamın yaradıcılığına münasibət onunkuna nisbətən qat-qat yüksək olub. Əsərləri layiqli şəkildə geniş tamaşaçı auditoriyalarına çatdırılmayıb, sərgi salonlarında nümayiş olunmayıb. Sözü üzə deməkdən çəkinməyən Səttarın qonorarını azaltmaqla ondan "əvəz" çıxıblar. Amma bunlar sənətkara o qədər də təsir etməyib, onu yolundan döndərə bilməyib. Çünki o, ömrü boyu pul qazanmaq üçün çalışmayıb. Böyük rəssamın Dövlət Mükafatından imtina etməsi də buna əyani sübutdur. Bu yazıda Səttar Bəhlulzadənin Dövlət Mükafatından imtina etməsinin səbəblərindən söhbət açacağıq.

 

       Pul bir neçə dəfə göndərilsə də, rəssam qəbul etmir

 

       Səttar sovet dövründə Dövlət Mükafatından imtina edən yeganə sənətkar olub. Bu gün də çoxları elə bilir ki, rəssam mükafatdan imtina etməklə sovet ideologiyasını rədd edib. Əslində isə həqiqət tamam başqa imiş...

       1972-ci ildə Azərbaycan SSR Dövlət Mükafatına üç rəssamın əsəri təqdim olunur. Bunlar Səttar Bəhlulzadə, Mikayıl Abdullayev və Ələkbər Rzaquliyev idi. Münsiflər heyətinin səsverməsi nəticəsində onların içərisində Səttar Bəhlulzadə daha çox bal toplayır və 6 əsərinə görə Azərbaycan SSR Dövlət Mükafatına layiq görülür. Lakin çox keçmir ki, rəssamın həmin puldan imtina etdiyi məlum olur. Pul poçtla bir neçə dəfə ona göndərilsə də, qəbul etməyib geri qaytarır. Səbəb isə Səttar Bəhlulzadənin Mərkəzi Komitənin birinci katibi olan Heydər Əliyevlə görüşmək, onunla ölkənin təsviri sənət məkanında baş verənlərlə bağlı fikirlərini bölüşmək istəyi idi. Rəssamın şəxsi mənfəət güdmək niyyətindən uzaq olan bu istəyini dövlət rəhbərindən gizlədən bir məmurun əlində onun vurduğu teleqramı görəndən sonra isə hətta ölkədən çıxıb getməyə qərar verir. Ancaq sonradan baş verənlər sənətkarı bu qərarından döndərir.

       O vaxt baş verən hadisəni "Gündəlik Teleqraf"a sənətşünas, əməkdar incəsənət xadimi Ziyadxan Əliyev nəql edir. Özü də Səttar Bəhlulzadə ilə görüşü zamanı rəssamın danışdıqlarına əsasən. Onu da qeyd edək ki, Ziyadxan Əliyev Səttar Bəhlulzadənin 100 illik yubileyi münasibətilə nəşr olunan "Sənətin Məcnunu" kitabının müəllifidir. Bu nəşri "Səttar ensiklopediyası" adlandırırlar.

 

        Gürcüstana köçmək qərarına gəlir

 

       Ziyadxan Əliyev deyir ki, Səttar Bəhlulzadə mükafata layiq görüldüyü dövrdə Rəssamlar İttifaqındakı vəziyyətdən, gənclərə qayğı göstərilməməsindən kifayət qədər narazı idi, bunu müsahibələrində, görüşlərdə də açıq şəkildə bildirirdi. Bu problemləri MK-nın birinci katibi Heydər Əliyevə çatdırmaq istəyirdi: "Səttar Heydər Əliyevlə görüşmək üçün müraciət etmişdi. Lakin bu müraciətlər cavabsız qalmışdı. Görünür, doğru ünvanına çatmamışdı. Bütün bunlar da Səttarı hövsələdən çıxarmışdı. Bir dəfə Səttar Gürcüstandakı dostu rəssam Robert Sturua ilə görüşür. Görüş zamanı narazılıqlarını dostuna deyir. Dostu da ona Gürcüstana köçməyi təklif edir. Onu evlə, maşınla, emalatxana ilə təmin edəcəyinə söz verir. Səttar razılığını verir. Həmin günlərdə "Bakinski raboçiy" qəzetinin mədəniyyət şöbəsinin müdiri Svetlana Mirzəyeva Səttarla görüşür. Səttar onunla müsahibədə Gürcüstana köçəcəyini deyir. Svetlana da müsahibədən sonra Rəssamlar İttifaqının sədri olan Tahir Salahovun yanına gəlir. Orada onların arasında bir dialoq olur. Bunları Svetlana Səttara danışıb, Səttar da mənə. Odur ki, dialoqu olduğu kimi deyəcəm. Svetlana Tahir müəllimdən soruşur: "Siz Səttar Bəhlulzadədən yaxşı insansınız?" Tahir müəllim deyir "onu camaat bilər, mən heç nə deyə bilmərəm". Yenə soruşur: "Bəs onda Səttar Bəhlulzadədən yaxşı rəssamsınız?" Bu dəfə də eyni cavabı verir: "Onu da mən deyə bilmərəm. Bunu sənətşünaslar bilər". Axırı Svetlana deyir: "Yaxşı, bəs sabah Səttar Bəhlulzadə özünə qarşı bu qayğısızlıqdan Azərbaycanı tərk edib Gürcüstana gedəndə BBC yazacaq ki, Azərbaycan bir rəssamı saxlaya bilmədi, onda nə deyəcəksiniz?" Bundan sonra Svetlana Tahir müəllimə hal-qəziyyəni danışır. Tahir bunu biləndə Mərkəzi Komitəyə gedib vəziyyəti lazımi instansiyaya çatdırır. Səhəri gün Heydər Əliyevlə görüş təyin olunur.

 

       Heydər Əliyevin otağında 2 saat yarımlıq söhbət

 

       Tahir elə həmin gün Səttarı tapır, sabah görüşə gedəcəyini deyir. Səttar soruşur: "görüşə kiminlə gedəcəm?" Tahir deyir tək. Səttar razılaşmır ki, "yox, mən tək getməyəcəm. Tək getsəm, sabah deyəcəksiz ki, görəsən, orada bizdən nə dedi. İstəyirəm sən də yanımda olasan ki, nə danışdığımı eşidəsən". Tahir etiraz edə bilmir. Beləliklə, səhəri gün Səttar Bəhlulzadə Tahir Salahovla birlikdə Mərkəzi Komitəyə gedir. Qəbul otağında oturub gözləyəndə Mərkəzi Komitənin ideologiya üzrə katibi və Səttarın həmyerlisi Daniil Quliyevlə qarşılaşır. Daniil Səttarı görən kimi sevincək əlini uzadır. Lakin Səttar ona arxasını çevirir. Tahir təəccüblənir ki, "neyləyirsən?" Deyir "o, elə buna layiqdi. Aranı qızışdıran odur da. O, Heydər Əliyevə düzgün məlumat vermir, ona görə görüşümüz alınmır". Səttarın arzuladığı o görüş nəhayət ki, baş tutur. Heydər Əliyevin otağında 2 saat yarıma qədər sənətlə bağlı söhbət edirlər. Söhbətin sonunda Heydər Əliyev ondan pulu almağı xahiş edir. Deyir "sən buna layiqsən". Səttar razılaşır. Səttar Dövlət Mükafatına layiq görülmüşdü, amma pulunu almırdı. Bir neçə dəfə Əmircana poçtla göndərmişdilər, geri qaytarmışdı. Deyirdi, "Heydər Əliyevlə görüşüb sözümü deyəndən sonra pulumu alacam". Həmin görüşdən sonra Səttar Bəhlulzadə Dövlət Mükafatı üçün təyin olunan pulu alır. Amma sənədi ala bilmir, dünyasını dəyişir. Mükafatın diplomu, sənədi bacısı oğlu Rafael Abdinova verilir".

 

       Prezidentin sevdiyi "Muğan gözəlləri"

 

       1973-cü ildə Heydər Əliyevlə görüşdən sonra Moskvada İmaməddin Nəsiminin 600 illik yubileyi qeyd olunan vaxtlarda Səttar Bəhlulzadənin fərdi sərgisi təşkil olunur. Bu, Səttar Bəhlulzadənin Moskvada açılan ilk fərdi sərgisi olur. 1994-cü ildə isə prezident Heydər Əliyevin göstərişi ilə Səttar Bəhlulzadənin 85 illik yubileyi dövlət səviyyəsində qeyd olunub. Yubileylə əlaqədar Nyu-Yorkda BMT-nin binasında, İstanbulda və başqa yerlərdə onun əsərlərindən ibarət sərgilər nümayiş etdirilib.

       Müsahibələrin birində mərhum Heydər Əliyevdən ən çox sevdiyi sənət əsərinin adını soruşurlar. O da Səttar Bəhlulzadənin "Muğan gözəlləri" əsərinin adını çəkir. Bu da təsadüfi deyildi. "Muğan gözəlləri" Heydər Əliyevin iş otağının divarını bəzəyirdi...

 

       Xəyalə Muradli

 

       "Gündəlik Teleqraf"

 

       www. publika.az

       22.05.2012

 


 

loading загрузка
ОТКАЗ ОТ ОТВЕТСТВЕННОСТИ: BakuPages.com (Baku.ru) не несет ответственности за содержимое этой страницы. Все товарные знаки и торговые марки, упомянутые на этой странице, а также названия продуктов и предприятий, сайтов, изданий и газет, являются собственностью их владельцев.

Журналы
Женька и Ждун
© Portu