here
and now
clubs and
communities
руccкий
english
forgot password
registration
Registration
why
register?
User
Password
Sign on
 
Baku Pages Home
Baku:
01 Sep
23:38
News and Articles
All articles | Art
Recommend it Press here if you like it
1
Friday, October 26, 2012

Olimp... Altinci kitab

aвтор: © Rubil

OLIMP... ALTINCI KITAB

 

Bakının bir Olimpi var - düzdür, Yunan əsatirlərinə aid olmasa da, demək olar ki, paytaxtın əksər yaradıcı adamları bura toplaşır. Çünki prospektin bir tərəfində rəssamların emalatxanası, onunla üz- üzə isə İncəsənət Akademiyası yerləşir. Olimp, klassiklər və müasirləri bir vərəqin iki səhifəsinə çevirib. Bir az aralıda- meydanda reklam lövhəsində Səttar Bəhlulzadənin “Torpaq, Su, Günəş və Zəhmət” tablosunun əksi görünür. 1961- ci ildə yaradılan bu tablo 2012- ci ilin səs- küylü prospektində zamanın rəmzi kimi nəzərə çarpır. Payızın işıqlı rəngləri, yarpaqların xışıltısı və kölgəsi, alatoranın işartıları onun üzərində oynayır; nə vaxtsa Səttarın emalatxanasında- pəncərədə, divarda, molbertin üzərindəki kətanda oynadığı kimi. Amma boş emalatxanada Səttar gözə dəymir. 1974- cü il oktyabrın 12- dir. Düz iki gündən sonra rəssam Moskvada, onu sənətə çağıran, rəngkarlığın əsaslarını, təsvirin qanunlarını öyrədən və xoşbəxt tələbə həyatı yaşadan şəhərdə gözlərini yumacaq. Arseni Tarkovskinin misralarını yadıma salıram. “Əbəs yerə nə şər, nə də xeyir itəcək. Hər nə varsa, işıqlıdır. Amma bu da azdır”.

Prospektlə yuxarı qalxıb sənət olimpi ilə qonşuluq edən “Xalq Bank”a tərəf tələsirəm. Bu gün “Xalq Əmanəti” silsiləsindən altıncı kitabın, Səttar Bəhlulzadəyə həsr olunmuş albomun təqdimatıdır. Altı silsilənin sonuncu nöqtəsi deyil. Nədənsə, bu rəqəm mənə qədim müdriklərin “ Altı hikmət piyaləsi”ni xatırladır. Altıncı piyalə tənha dərvişin- Səttarın qismətinə düşüb. Onun yaradıcılığı qəliblərdən, qaydalardan yan ötərək, mistik yaşantıları ilə sıx bağlıdır. Elə bu ölçüdən Səttarı nə ənənəvi məktəblərə, təlimlərə, nə də müasir cərəyanlara bağlamaq olmaz. Səttar “tənha ustadlara” bənzəyir. Çantasını çiyninə salıb, yolu qabağına qatan, səyahətində başlanğıc və son nöqtə olmayan qədim sənətkarlara oxşayır.

 

TƏNHALIQ... XATIRLANMA

 

Tədbir, çıxışlar Səttar Bəhlulzadənin iki böyüdülmüş fotosu fonunda başlayır. Alın yazısını Ali Yaradan təsdiqləyir. İnsanlar, sadəcə olaraq oradan epizodların surətini çıxarıb, söhbətə, çıxışa, yazıya çevirir. İşıqlı zallarda asılmış əsərlər isə, balaca çayların nəğməsinə bənzəyir. Onlar müxtəlif kolleksiyalardan axıb gələrək Səttar dənizində birləşib. “ Xalq Əmanəti” layihəsi onları bir zalda müvəqqəti, bir kitabda isə həmişəlik görüşdürüb. Albomda Səttarın qəribə bir şəkli var. Pəncərənin qarşısında dayanıb müştüyünü tüstülədir. Bu ağ- qara fotoda qeyri- adi bir kədər hiss olunur. Elə bil, ötəri, fani həyat mənzərələrindən qıraqda tamam başqa bir dünya var, rəssam ora baxır. O yerə ki, tənhalığa alışmış qəlbi alın yazısı haqqında düşünür. Onu duymaq üçün gərək Səttarın ağlasığmayan bir kədərlə Kəpəzin göz yaşlarına tamaşa etməyini görəsən. Mark Şaqal çəpər dibində, yel ağzında titrəyən yarpıza baxanda kövrəlib, şair dostuna “mən bu mənzərəni görmək üçün nə boyda yol gəlmişəm” deyib. Basyo isə ondan halını soruşan ustadına belə cavab verib:- “Dünənki yağışdan sonra elə bil mamır böyüyüb. Mən onun bu qədər yaşıl olduğunu bilmirdim”. Əvvəlcə albomda Səttarın- tənha dərvişin obrazına baxıram. Sonra bu obraz mənə kömək edəcək ki, nəhəng sənət nümunələrinə heyrətlənmək fikrindən yan keçim. Ruhun səsi, taleyin sirri yaradır tablonu. Albom, sanki Səttarın mənəvi qütbünü və onun ətrafında dolanan yaşantılarını cəm etmək istəyir. Çünki insan əməlinə verilən sonuncu qiymət kitabdır. Görəsən, bizdən sonra kimlər vərəqləyəcək bu kitabı, uşaq kimi sadəlöhv və iddiasız, bir az da tərkidünya rəssamın yaşantıları haqqında düşünəcək? Səttar Bəhlulzadə bütün bəşərin mədəni irsinə aiddir. Amma o, həm də Azərbaycan xalqının əmanətidir.

 

XALÇA, MINIATÜR, FÜZULI

 

Heç kim deyə bilməz ki, sənətkar nə zaman onu yetirən mədəniyyətin simvoluna çevrilir. O, bu mədəniyyətin içində varlıq və gerçəklik hissini o qədər dərindən yaşayır ki, taleyi ilə onu təsdiqləsin. Kitabın ilk səhifəsinə ön söz kimi Səttarın “tale üçbucağına” verdiyi yozum götürülüb. Birinci nöqtə- Xalça, ikinci nöqtə- Miniatür, üçüncü nöqtə- Füzuli. “Onlar məni sənətkar kimi yetişdirib”- deyir Səttar. Görünür, ruhunu işıqlandıran fikirləri rəssam zahiri əkslərlə yozmaq istəyir. Xalçanın üzərinə düşən işıq kimidir “Torpağın arzusu” əsəri. Xatirələrin, yaddaşın üzərinə düşən nurdur “Azərbaycan nağılı”- qədim miniatürlərin sirli əks- sədasıdır. Füzuli isə daha çox qeyri- müəyyən işarələrin içindədir elə bil . Həqiqətən rəsm əsərini yozmaq, yuxuları gerçəyin dilinə çevirmək cəhdi kimi uğursuzdur. Dağlar, meşələr, göllər və bütün bu sirli kainatın arxasında dayanan başqa bir fəza- nabatlar, səmənilər, gülabı qabları, şamlar, kəlağayılar-nə vaxtsa başlayan və zamanın sonuna qədər bitməyən bir misteriyanın rəmzlərini yozmaq qeyri- mümkündür.124-cü və 125- ci səhifəni əhatə edən “Gülüstan” əsərinin illüstruasiyasına baxıram . Heç bir sual yoxdur. Qəribə bir barışıqla, ilahi möcüzəyə tabe olmaq hissi görünməyən, eşidilməyən bir ənginliyi duymaq və onu vəsf etmək eşqi var bu əsərdə. Sonra kitabda Füzulinin təsvirlərinə baxın, rəngli və qrafik təsvirlərə. Keçmişə reminissensiya etsək, bütün bu, “ovsunlayan nə isə”nin insanda təzahürünü görərik- bu, sonuncu insanın birinci Adəmə qayıdışının əksidir. Səttar “piramidasının” zirvə nöqtəsi Füzulidir. Onun Füzuliyə olan məhəbbətini emalatxananın divarlarında yazdığı, qeyd kitabçasına köçürdüyü qəzəllərdə axtarmaq sadəlöhvlük olardı. Füzuli İraqın Xillə adlanan qəsəbəsində, Səttar isə Abşeronun  Xilə kəndində doğulub. 197- ci səhifədəki Füzulinin portretinə baxın, başını azca aşağı əyib, gözlərini yuman Şairin obrazına diqqət yetirin. Lap sonda isə əvvələ qayıdaq, kitabın ilk səhifəsinə. Ərimiş şamların qarşısında siqaretini tüstülədən Səttara nəzər yetirək. Bütün bu əkslərin, elə bil, bir surət olduğunu görərik. Səttar öz əksini çəkib- dünyadan küskünlüyünü, dünyanın mənzərələri ilə vəsf edən yorğun rəssamın surətini. Onun yaşadığı ehtirasları, iztirabları anlamalısan ki, “Laza şəlalələri” əsərini seyr edəndə, suyun səsini, müqəddəsliyini, məhəbbətini duyasan - biləsən ki, həqiqi istedad ruhun nəfəsi ilə oyanır.

 

İŞIQ VƏ KÖLGƏ – QRAFIKA

 

Səttarın qrafikası qəribə təsir gücünə malikdir. Sağlığında dostlarına, tələbələrinə deyərdi ki, mənim qrafik işlərimin zamanı hələ gələcək. Zaman Səttar üçün nisbi bir anlayış idi. O, elə bil bu sözlə kəsə yol varkən, uzun yolu seçən səyyahı nəzərdə tuturdu. Qədim rəssamlar tuşun nəcibliyi haqqında çox yazıblar. Tənhalığı, poeziyanı, qəribsəməyi, kədərin sonsuzluğunu tuş kimi nəcib bir vasitə daha çox ehtiva edir. Düşünürsən ki, səsin təsviri əlifbadır. Birinci sinif uşağının ilk hərfi əyri- üyrü yazmağı ilə, eynəyin arxasından yazdığına baxa- baxa özündə səhv axtaran qocaya baxın. Onların nə qədər bir- birinə oxşadığını müşahidə etmək çətin deyil. Hər dəfə biz, həyatın əlifbasını yenidən öyrənirik. Kimsə onu yazır, kimsə onun sadəcə olaraq şəklini çəkir. Səttar ruhani bir sükutun şəklini çəkirdi, həm müdrik qoca, həm də öz oyununa aldanan uşaq kimi.

Albomda Məcnunun bir neçə əksi var. Səttar üçün bu obraz heç vaxt açılmayan düyün kimi təsvirdən- təsvirə ötürülüb. Eşqin məqamları, halları kimi hər dəfə başqa- başqa surətlərdə peyda olub. Sanki Məcnun lövhə üzərində qoca ustadın yazdığı addır. O, heç vaxt gerçək olmayıb. Kainatın ağ və qara çərçivəsində yeganə gerçək eşqdir. Səttar təsvirin qırağında “Nun” hərfini elə bil, qəsdən uzadır ( səh.136). Bu kosmik işarə Zünnunun xilasını, Yunusun “qiyamət xəbəri”ni əks etdirir. “Nun” hərfi qədim miniatürlərdən tutmuş, müasir xəttatlıq işlərində də böyük bir simvol kimi istifadə olunur. Bir anlığa təsəvvür edək ki, Səttar üçün bu, sadəcə olaraq hərf deyil. Çünki onun üzərindəki nöqtə işarəsinə başqa bir tərəfdən də baxmaq olar. Müqayisə edək bu əsəri qədim Kəşmir miniatürü ilə. Vəzir Asəf bir gənc oğlanla üz- üzə əyləşib. Oğlan diqqətlə Asəfin ovcunda görünən nöqtəyə baxır. Zərrəbin lazımdır ki, görəsən. Bu nöqtə deyil, qarışqadır. Yaradan Adəmə anladıb ki, nöqtə yoxdur, mərkəz var. Rəssam fikrin bitdiyi, qələmin duruxduğu yerdə nöqtə qoymur. Qövsvari işarənin üzərində nöqtə yox, mərkəzi tanısaq, “Nun” tamamlanacaq. Məcnunun eşqi xilas olacaq. Əgər təsviri çevirib, bir azca yana əysək, Məcnunun simasında bu işarənin təkrarını görərik.

Səttar kağızın, tuşun dili ilə yaratdığı mənzərələrdə simvolik bütövlük prinsipini saxlaya bilir. “Qafqaz harmoniyası”, “Daşlı meşə”, “Qubadan Şahdağın görünüşü”... Gerçəkliyin poeziyasına metoforik yozum verməkdə Səttar böyük ustad idi. “Nə qəribə adamdır” sualını, “necə qəribə görür” sualına çevirmək lazım deyil. Səttarın qiyafəsi ilə, qrafikası bir- birini tamamlayır.

 

PAYIZ, SƏTTAR

 

Albomu vərəqləyirəm. Elə bil, elektrik qatarını, perronu, Əmircan mənzərələrini, bir də Səttarın çiynində etüd çantası, vaqondan düşdüyünü görürəm. Mənə elə gəlir ki, ağ- qara kadrlar tələsir- sənətin öz işarələri, taleyin öz qrafikası var. Salonun iri pəncərələrindən ağır - ağır düşən axşama baxıram. Deyəsən, onu uzaqda, qum təpələrinin arasında etüd çantasını yerə qoyub papirosunu tüstülədən və nə haqda isə öz- özüylə mübahisə aparan görürəm. Bir dəstə qağayı onun başı üzərindən ötüb keçir. Və elə bil, payız yarpaqları iri, qabarlı ovuclar kimi, bir azdan rəssamın mavi gözlərini örtəcək.

 

Vəli Novruzoğlu

 

www.525.az

21.10.2012

 

http://www.525.az/site/?name=xeber&news_id=1808

Расскажите об этом другим:
LEGAL DISCLAIMER: BakuPages.com is not responsible for content of this page. BakuPages.com can make no representation concerning the content of these sites, nor does their listing serve as an endorsement by BakuPages.com.
Other products and companies referred to herein are trademarks or registered trademarks of their respective companies or mark holders