руccкий
english
РЕГИСТРАЦИЯ
ВХОД
Баку:
25 апр.
00:43
Журналы
Утренние сомнения
© Leshinski
Все записи | Проза
четверг, октябрь 18, 2012

Отрывки из книги Алекпера Мурадова «Прощание с красным шаром»

aвтор: Rubil ®
1
view

Отрывки из книги Алекпера Мурадова «Прощание с красным шаром»

 

Ələkbər Muradov

 

Qırmızı şarla vidalaşma…

 

Əziz anamın xatirəsinə həsr olunur

 

 

Müəllifdən

 

Şərti olaraq insanın yaddaşı audio-vizual cihaza bənzəyir. Doğulduğu gündən – dünyasını dəyişənə qədər yazılan, daha doğrusu hazır yazılmış yazını oxuyur, həmən cihaz!

Çox xoşbəxt insanlara həmən yazını dəfələrlə oxutdurub yada salır, ibrət, müqayisə, tövsiyə edir qüdrətli Allah!

Bu yazıda xırda detallar yenidən oxunanda yeni rəngdə, yeni çalarlarda yada düşür. Bəlkə bizim bütün səhvlərimiz, günahlarımız həmən xırda yaddan çıxan detallardadır?

Bilmirəm?!

Onu hiss edirəm ki, bu yazı sondan əvvələ oxunarsa, son əvvəldədir...

 

 

Yaddaşı qoruyub saxlayanlar

 

Hacı Ələkbər Muradovun «Qırmızı şarla vidalaşma»sı kimini uzaq uşaqlıq illərinə aparacaq, kimini səmimiliyi ilə kövrəldəcək, kimiyə də anladacaq ki, vaxtdır – ayaq saxlayıb yaşadığın illərə, keçirdiyin həyata qiymət verməlisən. Özü də bu qiyməti hər kəs özü-özünə verməlidir, çünki bundan səmimi və düzgün qiymət ola bilməz. Müəllif yazır: «...bu gün məni tərifləyən olmayacaq. Buna arxayınam. Tərifə ehtiyacım da yoxdur...Tərifə, hörmətə layiq olanlar köçdü bu dünyadan...».

Ələkbər Muradov əsl yaradıcı insandır. Onu ilk növbədə rəssam kimi tanıyırlar, çünki böyük rəssam Səttar Bəhlulzadənin xeyir-duası var onun üstündə: «...Onsuz da Səttar işi evə girən kimi görmüşdü. Heç nə demədən uzun müddət, müxtəlif məsafələrdən şəklə baxdı. Mən isə həyəcanımdan üzümü səkildən çevirmişdim... Səttar müəllimin ciddi üzü mehribanlaşdı, mənə yaxınlaşıb əlini uzatdı, o biri əlini çiynimə qoyub, zarafatla: - Ayvazovskiyə əlavələr eləmisən? Yaxşıdır!!! Doğrudan yaxşıdır!, - dedi».

Lakin o, durmadan özünüifadənin yeni formalarını axtarır – Moskvadakı Ümumittifaq Kinomatoqrafiya İnstitutunda operatorluq sənətinə yiyələnir: «Sonra adi linza vasitəsilə güclü günəş şüasını lentin üzərinə tuşladım. Aman Allah, alındı. Ekranda kino kimi “Tarzan”ın iri planda donmuş üzü göründü...Mən elə bil yenidən kinonu ixtira etdim».

Ələkbər Muradov 13 tammetrajlı və 70-ə yaxın bədii-sənədli filmin müəllifidir. Son filmlərdə o, artıq operator kimi deyil, relissor kimi çalışır.

Və nəhayət Ələkbər «Qırmızı şarla vidalaşma»q qərarını verdi və zənnimcə, bu işin də öhdəsindən ustalıqla gəldi.

 

Əməkdar jurnalist Elçin Şıxlı

 

...Bilmədən bu günə kimi yaşadığım həyatım uşaqlıqdan uzağa getmədi...

 

Xalam oğlu Fəxrəddinə həsr olunur

 

Bizim uşaqlıq illərində hər yerdə, müxtəlif rəngdə, müxtəlif çeşiddə olan hava şarları yox idi. Çox çətinliklə xatırlayıram. Hələ məktəbə getmirdim.

Mənim yaşıdım, indiyədək də qardaş qədər çox istədiyim xalam oğlu Fəxrəddin anası ilə bizə gəlmişdi. 50-ci il may ayının 2-si idi. O vaxt çox dəbdə olan, bahalı, tapılmayan bir parça var idi. Adına “qesunça” deyirdilər. Həmin materialdan ikimiz üçün də kostyum tikdirmişdilər.

İndi də özümü kənardan görürəm...necə də gülməli görünürdük o vaxt...Balaca uşaqları, böyüklərin kostyumunda görəndə indi də həmin qəribə uşaqlıq çağlarına qayıdıram.

2 mayda, adətən, camaat ailəsi ilə gəzintiyə çıxırdılar. Əsas gəzinti yeri indiki Bakıxanov (keçmiş Razin) qəsəbəsindəki dağın ətəyində olurdu. Burada hamı evdən özüylə bişmiş yumurta, kartof, duz və nadir hallarda xörək götürürdülər (o zamanlar pomidor-xiyar vaxtında çıxırdı). Burada insanlar gəzir, fotoaparatla müxtəlif anları lentə alırdılar.

Nədənsə həmişə, 2 mayda, məhz 2 mayda rus evlərində pavidlalı “ponçik” bişirilərdi. Səhəri gün isə kiminsə bıçaqlandığını eşidərdik. Bu 2 mayda da anam bizə “ponçik” bişirmişdi. Əynimizi dəyişməzdən əvvəl qaynar “ponçik” payımızı yedik ki, ağ kostyumumuzu bulaşdırmayaq. Axır ki, kostyumu geyindik. Sonra da hərəmizə bir dənə balaca, üstündə “1 may” yazılmış qırmızı bayraqla şar hədiyyə etdilər.

Şarlar, dediyim kimi, o vaxt çox çətin tapılırdı. Qfürəndən sonra da uşaqlarda həsəd yaranırdı – bir-birinin şarlarını partladırdılar. Ona görə də, üfürülməmiş qırmızı rezin şarları cibimizə qoyduq.

Yadımdadır atamın əmisi oğlu Məmmədyar “dvores” deyilən yerdə - mədəniyyət sarayında kinomexanik işləyirdi. “Dvores”də bayram şənlikləri, gəzintilər olardı. Məmmədyar bizə tez-tez gələrdi. Atam ona kinomexanik və başqa peşələrin sirrini öyrədərdi. Bu dəfə gələndə ikimizin də ağ kostyumda olduğumuzu görüb güldü. Başımızı tumarlayıb dedi ki, bu kostyumda Razin dağına və ya Əmircandakı gölə getmək olmaz! Bunlar “dvores”likdir. İcazə ver bunları özümlə aparım bir az “dvores”də gəzsinlər. Bunu eşidəndə çox sevindik. Heç vaxt “dvores”də olmamışdıq. Məmmədyar ortada əlimizdən tutdu, yavaş-yavaş kəndin yuxarı yolu ilə “dvores”ə qalxdıq. Orada bayram şənlikləri çox səs-küylü, təmtəraqlı olurdu. Bir neçə yerdə nəfəsli orkestrlər gurultulu marşlar çalırdı. Musiqiçilər bir-birinə qarışmışdı. Hər şey gözəl, maraqlı idi. Atalarının boynunda oturan uşaqların əllərində bayraqlar, şarlar var idi. Hamı sevinir, gülür, əllərindəki may çiçəklərini yelləyərək salamlaşırdılar.

Bu izdihamın arası ilə gedə-gedə cibimizdəki şar barədə düşünürdüm. Fikirləşirdim ki, bəlkə şarı çıxarım, üfürüm, mən də tutum yelləyim? İçimdə “yox” deyirdim. Bəs birdən mən şarı üfürəndə camaatın arasından kimsə şarımı iynə ilə deşib partlatdı – onda necə? Yox. “Sonra...sonra” deyə Məmmədyar əminin iş yerinə - kinoteatra gəlib çatdıq. Sarayın arxa tərəfində içərədən həyətə yol gedirdi. Orada uşaqların, gənclərin sevimli yeri olan “kupalnik” (hovuz) var idi. Burada yayda uşaqlar çimir, tramplindən atlanaraq üzüb öz güclərini, bacarıqlarını göstərirdilər. Məmmədyar əmi bizi “kupalnik”in yanına gətirib gözləməyimizi tapşırdı. “Ehtiyatlı olun, suya girməyin, bir azdan gəlirəm” deyib getdi. Bura hər tərəfi bürüyən səs-küydən bir az uzaq idi. “Kupalnik”in ətrafı təzəcə açan cürbəcür rəngli çiçəklərlə dolu idi. Onların arasında həmişə may ayında çıxan tək-tük lalələr də görünürdü. Lalələri dərmək, bu gözəlliyə yaxından baxmaq hər birimizin arzusu idi. Xalaoğlum çəhrayı rəngli, yastı saplaqlı xırda güllərdən toplamağa başladı. Mən hələ də cibimdəki şar haqqında düşünürdüm. Bəlkə çıxarıb üfürüm? “Nə olsun? Kim görəcək ki, mənim belə gözəl şarım var?!” – düşünərək şarı yenidən cibimə qoydum. Gözəl, tər-təzə çiçəklərlə dolu yaşıllıqda oturmaq istəyirdik, amma kostyumlarımız bulaşar deyə oturmağa yer tapa bilmirdik. Yer axtara-axtara “kupalnik”in kənarına gəlib çatdıq. Hovuzda su yox idi. Dibində balaca gölməçə görünürdü. Artıq biz hovuzun dibində idik. Bizi bura maraq gətirmişdi. Gölməçəyə yaxınlaşdıq. Birdən üzdən quru görünən altı yaş, nəm mamırın üzərində ayaqlarımız sürüşdü. İkimiz də arxası üstə üzü quru, altı yaş yerə yıxıldıq. Ayaqlarımızdakı səndəlin altı sürüşkən olduğundan demək olar ki, ayağa dura bilmirdik. Duran kimi təzədən yıxılırdıq. Beləcə bir-birimizdən tutaraq sürüşüb bir təhər quru yerdə ayağa durduq. Ağ kostyumlarımızın yalnız forması qalmışdı. Yaşıl rəngli islanmış ağ kostyumlarımıza baxaraq nə edəcəyimizi bilmirdik. Deyəsən, bizim bayram burada bitmişdi. Camaatın arasına necə çıxacaqdıq? İndi rahatca yamyaşıl otların üstündə oturmaq olardı. Ağlamaq istəyirdik, di gəl ağlaya da bilmirdik.

Məmmədyar əmi bizi xeyli vaxt axtarırmış. Onun uzaqdan necə gəldiyini gördük, utandığımızdan ayağa da qalxmadıq. O yaxınlaşıb çox təəccüblə bizim görkəmimizə baxdı, heç nə başa düşmədi. Birdən bərkdən gülməyə başladı. Gülə-gülə bizi ayağa qaldırıb tamam bulaşmış kostyumlarımıza baxaraq: “Qırışmallar, özünüzü hara sürtmüsünüz?”

Bizi bircə şey narahat edirdi: analarımıza nə cavab verəcəyik?

“Dvores”in kino daşıyan yük maşınında evə qayıtdıq. Bizi tənbeh eləmədilər. Yadımda deyil, deyəsən, günahkar Məmmədyar əmini çıxartdılar. Hava günəşli, isti idi. Evə çatanda kostyumlarımız, demək olar, qurumuşdu. Cibimdəki qırmızı şarı götürüb, kostyumu yuyulmağa verdim. Evdəki paltarımı geyinib şarla həyətin sakit küncünə çəkildim. Şarı üfürməyə başladım. Üfürdükcə gözəl şarın konturları böyüyürdü. Üzərindəki “1 may” sözləri böyüdükcə, şarın rəngi daha da qırmızılaşırdı.

Birdən burnumun ucunda həmin gözəl şar partladı. Evdəkilər səsə dik atıldılar.

Atamın səsi gəldi:

- Yenə neylədin orda?

Ürəyimdə - Heç nə! Bayram qurtardı! - dedim.

 

3 mart 2009

 

Dayım oğlu Əkrəm bu əhvalatı yuxuda görüb...

 

Bir dəqiqə! Lap əvvəldən danışım ki, təəccüblənməyəsiniz.

Bəli, “Şərab ulduzu”! Ancaq bu ulduzun adına heç bir astronomiya kitablarında, ulduz xəritələrində, astroloqların cədvəllərində rast gələ bilməzsiniz. Bunun yerini yalnız “onlar” bilirlər. Onlar kimdir? Kimdir “Şərab ulduzu”nun sakinləri?

Orada yanıb-tıkülürlər ki, qabaqcadan bilsəydilər ki, belə bir “spesialnıy” ulduz var, bir az da çox içərdilər. Daha oturub aradabir cənnət-cəhənnəmdən, qiyamət günündən belə ağız dolusu danışmazdılar. İndi artıq gecdir, keçən keçib, içən içib! Birdən elə bilərsiz ki, içənlərin hamısı elə o ulduzda yaşayır. Yox! Orada ancaq özünə, canına qəsd edib, öz “işi” ilə məşğul olanlar – içənlərdir. Daha dava eləyib adam öldürənlər yox. Nə isə, keçək bu ulduza.

Hətta mənə də xeyli and-amandan sonra bəzi şeylər danışdı. Qısası, danışır ki, (hələ bəzi şeyləri başa düşmədim, səs-küy çox idi) dünya yarandıqdan indiyə qədər nə qədər ki, şərab içən var, hamısı ordadır. Adam çox! Lap çox! Adam əlindən tərpənmək olmur. Hamısı da bir-birinə bitişik halda, yanaşı gedirlər. Hara? Bilmirəm. Amma heç kim də heç kimə dəymir. Səs-küy yoxdur, narazı olan yoxdur, içən də yoxdur, çünki qolunu qaldırıb ağzına apara bilmirsən! Buna ehtiyac da yoxdur! Necə deyərlər, “ne tyanit”! Elə baxa-baxa gedirsən. Ətraf hər tərəf yeməlidir.

Ağaclar, dağlar, daşlar – hamısının “vidi” ağacdır, dağ-daşdır, yarpaqdır. Əslində isə hamısı “zakuska”dır. Yarpaq kolbasa dadı, kötük pendir, güllər siqaret iyi verir. Çayların yerində araq, çaxır axır. “Suxoy” çaxır, şampan bulaqlarına heç gedən yoxdur. Beş-altı min qadın görünür. Bu qədər millət üçün nədir ki? Camaat bulaqlara tərəf qadınlara görə baxır, çaxıra görə yox. Başqa yerdən gələn yoxdur. Heç kim bir-biri ilə danışmır, elə yanbayan gedirlər bu “çaylar”ın, “zakuska”ların yanından Heç kim də demir ki, nə də təklif eləmir ki, oturub bir az çörək yeyin, “su”dan için. Nə deyən var, nə də istəyən!

Onu da deyim ki, hava da yaxşıdı ha!..Əsl hava! Di gəl, nə olsun, elə bil kimsə səni qoymur oturub dincələsən. Doğrusunu deyim ki, adama əziyyət vermirlər, amma “predloqat” eləmək olar da! Yalandan da olsa?! Doğrudan ha, orada yalan da yoxdur!!!

Təzə gələnlər çox maraqlı görünüdülər. Axır vaxt lap çoxdurlar, bir də görürsən, bir tərəfdən balaca bir dəstə “formirovat” olunub qarışır ümumi dəstəyə. Təzə gələnlər çox maraqlıdır. Bura düşən kimi elə bil görməmişdilər – gözləri qalıb araq-çaxırda. Bir tərəfdən də dağlardan, ağaclardan, güllərdən gələn “zakuska” iyi! Yerlərində donub qalırlar. Evinizi Allah yıxsın! Bir dayanın da! Nə olub belə? Mən nə dedim? Allah onsuz da yıxıb da evini. Bu ev, həyət onundur? Bu ev “obşi”dir. Bunu başa düşmək üçün gərək burda bir neçə yüz il fırlanasan. Əslində, fırlanmaq elə içkini, siqareti tərgitmək kimidir. Onsuz da nə içə bilirsən, nə çəkə bilirsən! Heç adam istəmir də. Adam istəyir əlini yuxarı qaldırıb onun boğazından yapışsın! Di gəl qolunu qaldıra bilmirsən.

Xaricdən də qonaqlar var. O vaxt böyük saraylarda (Avropada, bizdə yox, bizdə istəmirdilər o vaxt) “domaşnıy” çaxır düzəldənlər gəlmişdi. Nə qədər danışdılar heç bizdən söz açmadılar. Sən demə, onlarda çaxır bir heçə yüz ilə hazırlayır, sonra yavaş-yavaş, adam kimi içirdilər. Nə bilim? Mən heç indi də başa düşmürəm. O qədər gözləmək olar? Nə var ki, 100 ildən sonra bir qurtum içəcəksən! Budur indi içərsən!..

Nə bilim, danışırlar da. Onu da deyim ki, yüzildənbir bir qurtum içənlər bizim aramızda yoxdur – amma bunlar indi bizə məsləhət verirlər. Artıq məsləhət gecdir!!! Burda nə məsləhət?

Bir məsələni də deyim ki, burada hamısı “nedovolnı”dır öz həyatından. Heç “dovolnı” adam görmədim, həm də “dovolnı” adamın bizim aramızda nə işi?

Elə fırlandıq, fırlandıq. Bu qədər Yerdə fırlansaydıq, görəsən, hara gəlib çıxardıq? Allah bilir. Bu, doğrudan da belədir. Heç kimə heç nə deməyin, onsuz da inanmayacaqlar. Bəlkə ağlımız gəldi başımıza, nə qədər ki gec deyil...

 

12.01.2009

 

 

Həqiqət bacıma həsr olunur

 

Son vaxtlar yadıma heç vaxt xatırlamadığım anlar, məqamlar düşür.

Yadıma güclə gəlir. Adi xəstəxana palatası. Amma bu palatanın pəncərəsi, deyəsən, küçəyə baxırdı?.. hə...Bu da təsadüf deyildi.

Adi palata! Güclə yadıma gəlir. Həqiqət bacım xəstə qardaşının yanında gözətçi qalmalı olmuşdu. Hava soyuq olduğuna görə, alov qapısı açıq olan divar peçində qızınmaq istəmiş, bu vaxt nazik paltarı alovlanmışdır. Canlı məşəl (qızdırmalı olduğumdan çox şey yadımda deyil) o yan bu yana qaçıb, ətrafdakılar ona kömək etməyə qorxublar, hansısa tibb bacısı ona bayıra çıxıb küləkdə sönməsini məsləhət edib. Ancaq məsləhət başqa idi. O qanlı məşəl yanmalı idi. Əcəlin qara yolunu işıqlandırmaq üçün. Öz parlaq, təmiz vücudunu alovla paklayan bacım!

Sonuncu dəfə onu evdə böyük otağımızda, pəncərənin yanında gördüm. Bədəninin 80 faizi yanmişdı, vidalaşırdı bizimlə, hamını öz dili ilə dilləndirirdi bacım! Məni onun çarpayısına yaxınlaşdırdılar. O, yanmış əlini mənə sarı uzatdı, sonra əlini çəkib gülüşlə “Əppər” deyə bildi. Yanmış bədənindən ruhu köçdü bu dünyadan! Özü qaldı, getmək istəmədi.

Atam danışırdı ki, bacımın ruhu uzun müddət onun yanınca gəzirmiş. Kişi deyir ki, qışqırdım ruhunun üstünə ki, gəzmə yanımda! Sənin bacın, qardaşın var axı. O sözdən sonra getdi Həqiqət bacım, bir də görünmədi onun yanında. Qəlblərimizə köçdü, qəlbimizi içimizdən yandıran bacım!

Elə indi də, həmişə sənin haqqında düşünəndə gözlərimdən axan yaşlar sənin alovunu söndürə bilmir. Qoy içimdən yanım! Sənə qovuşmaq üçün!

Uzun müddət atam bacımın qəbrini düzəltmək istədi, alınmadı, istəmirdi bacım. Elə uçuq, adsız qəbri ziyarət edib atam da köçdü bu dünyadan.

Bir heykəltəraş dostumdan qəbirüstü barelyefini düzəltməyi xahiş etdim. Sənin xoş çağlarından olan fotonu verdim ona. Taxtanın üstündə plastilindən barelyefin hazır idi. Ancaq nədənsə vaxt uzanırdı. Heykəltəraş dostum Zeynalabdin mənə heç nə demirdi. Bir gün yenə Zeynalabdinin yanına gəlib heykəli soruşdum. Dedi ki, təzədən işləyəcəyəm, mənə vaxt ver. Gördüm gözləri yaşarıb, mənə nəsə demək istəyir, amma demir. Soruşdum ki, bəs düzəltdiyin plastilin heykəl hanı?

Demə həmin barelyef emalatxanadakı elektrik sobasına düşərək əriyib, itib. Buna təsadüfmü deyim, yoxsa nə? – özüm də bilmirəm. Bacım bu dünyada iki dəfə yandı. O, doğrudan da istəmirdi ona abidə, heykəl, qəbiq düzəltsinlər. İstəmirdi torpağın altına girsin. Bu dünyadan getmək istəmirdi.

Axı nə gördü, bu qısa ömründə? Bacım! Olmaya sən indi də bizim bu dünyada qalıb necə yandığımızı müşahidə edirsən?

Bizim həyatımız necədir, bacım?

Razısanmı? Əppər qardaşından razısanmı? Gərək sən qalıb bizə analıq eləyəydin.

Yanıram...Niyə sən alovlananda məni qucağına götürüb bağrına basmadın? O vaxt başa düşmürdüm, indi heyfsilənirəm. Gərək ikimiz də o alovla köçərdik bu dünyadan! Ruhumla qayıdardın bu dünyaya, 2009-cu ilin 18 noyabrına! Anamız bu dünyada son nəfəsini alarkən, görəsən, sənin adını, heç olmasa, ürəyində deyə bildimi? Sənə qovuşmağa tələsən anam rahatlıq tapdımı?

Axirətə inanıram, dəqiqliyi ilə hiss eləyirəm, səndən istəyirəm ey böyük Allah! O dünyaya məni sən çağır, bacım! Sənin əlindən tutub ora gedim, orada birinci səni görmək istəyirəm, sən balaca, mən isə 33 yaşında. 33 yaşındakı qardaşının əlindən tutub o gözəl yerləri, uzaqdan da olsa, mənə göstər. Allahın qisməti ilə cəhənnəm və cənnət yollarında ayrıldıq bəlkə? Təsəvvürümdə canlandırdığım, tablolarda çəkdiyim cəhənnəmə öz xoşumla getmək istəyirəm – min illərdən sonra səninlə cənnətdə görüşmək üçün. Ey Rəbbim! Eşit arzumu, eşit istəyimi! Hələlik yaşamaq üçün saxladın, mən də qaldım bu dünyada! Qaldım...bacımın yaşını ötdüm...utana-utana. Sənin mənə bəxş etdiyin dünyanı, qisməti yaşayıram. Bacım yaddan çıxmır axı?.. Həmişə çağırır məni! Nə deyim sənə? Gözlə, gözlə! Mən gözlədiyim kimi sən də gözlə. Bilirəm ki, məni birinci sən qarşılayacaqsan!

Vaxt uzanır...

 

15.10.2009

 

Artıq neçə vaxtdır, anam xəstədir. Hələ bi-iki həftə əvvəl hamımızı tanıyırdı. Kimi görsəydi, “Məni aparın! Ürəyim patlayır! Atamgilə apar. Bura mənim evim deyil!” deyirdi. Hamımız bir ağızdan “Ağlı çaşıb, özünü bilmir” deyirdik. Yox ,aanam qabağı görürdü. Artıq onun olmayan evini boş, viran görürdü o.

Mən zarafata salıb “Hara gedirsən? Gedə bilirsən ki, gedəsən ?” deyirdim. Beləcə, anamın istəyini cavabsız qoyurdum. O isə birdən fikrə dalıb uşaq kimi ağlayırdı. Heç vaxt getmədiyi yerlərə getmək istəyirdi, heç nə başa düşmək istəmirdi. Düşünürdüm, nə qədər anamı aldatmaq olar? Görəsən, o niyə belə getmək istəyir? Bacılarım da, mən də kor-peşman evə gedirdik. Anam da getmək istəyirdi, kim olsaydı, onunla. Ayaqları çoxdan işləmirdi, yeriməkdən söhbət belə gedə bilməzdi, amma di gəl, getmək istəyirdi. Arabası var idi, bir az bununla başını qatdıq. İndi o araba da bir küncdə idi. Ağlamaqdan, danışmaqdan yoruldu anam... Bizdən xahiş eləməkdən utandı. İndi heç danışa da bilmir, daha heç kimi tanımır. Bir neçə dəfə gəlib getdim, tanımadı məni. Daha doğrusu tanıdı, amma danışa bilmədi. Anamla bizim aramızda indi yuxarı qalxmış sağ əl var. O, əliylə nəsə deyir, nəsə başa salmaq istəyir. Əl qalxır, düşür. İçindən bir ağrı, zarıltı, qışqırıq qopur. Sanki içində olan orqanlarını zorla əlindən alırlar, qoparırlar... o, istəmir, amma yenə alırlar. O, zarıldayaraq yerini düzəltmək istəyir, heç cür rahat olmur anam. İçində yenə ağrı var, birdən qışqırır, yenə zarıyır. Onun əlini tuturam, başını tumarlayıram. Üzünü mənə tərəf çevirir, qara gözləri boz pərdə ilə yaş arasından mənə baxır. Gördüyüm an üzündə olan gülüşü, məhəbbəti hiss edirəm. Anam gedir.

Ay Allah!

Başa düşmək istəyirəm, anlamaq istəyirəm! Anamla bu vəziyyətdə vidalaşmasını istəmirəm axı! Ay Allah, öz mərhəmətini, sevgini bizdən əsirgəmə! Ey mələklər! Anamın içində olan ağrıları azaltmaq mümkündürmü? Ey mərhəmətli Allah, məni bu yer üzündə təmənnasız sevən yeganə insan gedir axı?! Mən neyləyim? Necə edim ki, o məni eşitsin? Axı sən belə gedə bilməzsən, Ana! Hamımız səndən nəsə gözləyirik. Baxışlarınla, heç olmasa, sağol de bizlərə.

Anam gedir!

İstəmir bu dünyanın nemətlərin...sudan başqa hamısından küsdü.Anamın ağzı ancaq bir qaşıq sudan sonra bağlanır. Mən də bir neçə qaşıq su verdim ona. Hər qaşıqdan sonra deyilməmiş sözlərin qırıq səsləri. Nə deyirsən, əziz anam? Hansı dilə keçmisən? Baxışların da heç nə demir daha. Deyir! Amma mən başa düşmürəm. Necə başa düşə bilərəm axı? Üzünün dəyişmiş gizgilərinə baxıram. Əlini yuxarı qaldırıb salırsan. Qolunun əti parça kimi bükülür. Olmaya başının üstündə çənəni bağlamaq üçün çoxdan dayanmış əlidəsmallını göstərirsən?

Ey Allahın mələkləri! Onun bizə qarşı olan məhəbbəti, sevgisi xatirinə ehtiyatlı olun. Analar xatirinə!

Bu dünyada borc olan son nəfəs paylarını səndən zorla geri aldılar! Susdum! Mənə də susmağı, gözləməyi anlatdın...

 

14.10.2009

 

Son vaxtlar qəribə görüntülər gəlir xatirimə. Bilmirəm gerçəklikdir, yoxsa xatirədir. Xatirə!? Amma elə inandırıcı görünür ki... Lal-dinməz baxır mənə. Nə istəyir məndən uşaqlıq çağlarındakı surətim? Niyə heç vaxt üzü gülmür o uşağın? Düşünürəm – bəlkə mən uşaqlıqda heç gülməmişəm? Bilmirəm. Elə-belə, kimsə bizə nəsə alanda və ya verəndə sevinmişəm. Bax belə baxır – uşaq Ələkbər. Buzovna bağlarındayıq. Hər yer narın, tərtəmiz, ağ qumdur. Hər yer yanır. Yerə ayaq basmaq mümkün deyil. Taxta dirəklər üzərində olan evimizin altında kölgədə oturmuşuq: Sədaqət, Mətanət, Fərhad və mən. Aman Allah! Necə də qəribə görkəmdəyik...Gözlərimiz bərəlib, çılpaq bədənimizə qum dənələri yapışıb. Qabaqda oturmuşam. Özümə yaxşı baxmaq üçün! Əynimdə gündən ağarmış, qatlanmış yerləri qara qalan uzun tuman var. Ağzımın suyuna qarışıb sinəmə yapışıb qum dənələri. Başım qırxılıdır, üzümdə gündən ağ-ağ dəmrov ləkələri var. Gülüşüm də qəribədir. Yuxarı dişlərim də sınıq dişimin yerində əyri bitib. Niyə mənə belə baxırsan, Ələkbər? Öz adımı deyə bilmirəm. O mənə baxır. Bu vaxt hərəmizə böyük bir dilim qarpız verirlər. Mən o qarpızı alıram. Bədənimin üçdə bir hissəsi boyda olan qarpızı dişləyirəm. Qarpızın suyu, çənəmdən sinəmə, oradan dalbadal damcılarla yerə - qumun üzərinə düşüb yaş pullar şəklini alır. Çənəmdən sinəmə axan qarpız suyu sinəmdəki qumu yuyub çay kimi özünə yol açır.

Hamımız qarpız yeyirik. Hamının başı yeməyə qarışıb. Tumları da sağa-sola tullayırıq. Ələkbər isə yeyə-yeyə mənə baxır. Niy belə dinməz, dik baxırsan mənə? Bəlkə nəsə demək istəyirsən? De, danış! Gec də olsa de! Heç nə demir! Üzündə heç bir ifadə yoxdur! Ölüdür! Görüntüdür! Gerçək deyil! Bəlkə qarabasmadır!? Amma onun reallığı məni incidir, məni narahat edir. Reallıqla yaddaş arasında olan bu uşaq nəsə demək istəyir... Bəlkə də heç nə demək istəmir.

Təəssüflə baxırsan mənə. Nə taqsırım var mənim? Axı o anları mən yaşamışam, kimə nə deyə bilərdim o vaxt? Bəlkə indi şikayətə gəlmisən? Başqa paltarda özümü görə bilmirəm. O sima sürətlə böyüyüb indiki simama daxil olmaq istəyir... Amma bacarmır.

Qarpızı yeyəndən sonra başlayacağıq axşamı gözləməyə. Atam işdən gələndən sonra dənizə getməliyik. Dənizə! Hər şeyi yuyub təzələyən dənizə!

Çevir üzünü, Ələkbər, baxma mənə! Mən də sənə baxmaq istəmirəm! Qəlbimdə bir qorxu var! Bilirəm! Kövrəlirəm. Sənə deyirəm çevir üzünü! Mən heç nəyə, heç kimə baxmaq istəmirəm. Yaddaşımdan qorxuram! Yaddaşımdır! Məni parçalayan, didən, yeyən odur. Dilə gətirib, nəyi anladım? Heç nəyi! Elə indiki üzümü də görürəm. O da lal-dinməz ətrafa baxır. Ömür boyu lal-dinməz bir-birimizə baxsaydıq, bəlkə də qollarımızı geniş açıb bir-birimizi qucaqlayardıq.

Ancaq belə deyil. Lal-dinməz, içərimi mənə məlum olmayan tərzdə parçalayan, tərəddüdlə dolu baxışlar!

Çevir üzünü, Ələkbər! Qarpızın dadı qalsın yaddaşında! Heç olmasa...

 

07.10.2009

 

Dostum sənətşünas Ziyadxana həsr olunur

 

Ulu Səttar Bəhlulzadə ilə ilk görüşüm nə vaxt olub – yadıma sala bilmirəm. Bizim evə vaxtaşırı, demək olar, hər şənbə baş çəkirdi.

Səttar mənim atamla bir məktəbdə, bir sinifdə oxuyub. Məktəbi bitirəndə o zamanın dəblərindən biri xırda bloknotda bir-birinə xatirə yazmaq idi. Atamın qoruyub saxladığı həmin bloknotda Səttarın qara və yaşıl tuşla yazdığı xatirəyə və balaca kənd evinin təsvirinə həmişə böyük maraqla baxardıq. O biri səhifədəki qadın, gəmi, gül təsvirləri də çox maraqlı idi, ürək dolusu məhəbbətlə yazılmışdı.

Atam Səttarın gəlişinə hazır olan yemək masasının arxasında əyləşmişdi. Onlar nə danışırdılar, bilmirəm. Çünki bizi ora buraxmırdılar. Ancaq mən Səttarın gəlişini səbirsizliklə gözləyirdim. Böyük həvəslə rəssamlıqla məşğul idim. Mənə kağız, karton çatdıra bilmirdilər. Çəkdiklərimi Səttar müəllimlə bölüşürdüm. Atam mənim işlərimə baxıb heç vaxt heç nə demirdi. Ancaq Səttar müəllim məni tərifləyir, suallar verirdi. Mən də bu görüşlərdən çox pərvazlanırdım. Yeni işlər işləmək həvəsi yanırdı məndə. Səttar müəllimin işlərə qəribə baxmağı var idi. Kağızı əlinə götürüb şəklə elə diqqətlə baxırdı ki, az qalırdı, siqareti udsun. Gözləri böyüyürdü. O mavi, yaşıl gözlər danışırdı onun yerinə. Qəribədir, sonralar heç vaxt heç kimdə belə mənalı ”danışan” gözlər görmədim.

1964-cü ilin yayı idi. Atamın əmisi oğlu Vəlinin (Allah ona rəhmət eləsin!) toyu olmuşdu. Gəlinin gətirdiyi mebel qutularından böyük bir karton (o vaxt belə kartonları rəssamlar axtarıb alırdılar) nəzərimi çəkdi. Kartonun üz tərəfi kətan kimi idi, ölçüləri çox münasib idi – 120smx80sm. O vaxtadək belə ölçüdə şəkil çəkməmişdim. Birinci dəfə yağlı boya aldım. Birinci dəfə idi yağlı boya ilə işləmək niyyətində idim. Çox məşhur rəssam Ayvazovskinin “Doqquzuncu val” əsərinin surətini bu formatda işləmək qərarına gəldim. Böyük formatda işləməyin qaydalarını bilmədən, balaca şəkilə baxıb işləməyə başladım. Rənglərin qarışdırılması, yeni rəng almaq, ton və s. – bu kimi şeylərdən hələ xəbərim yox idi. Nə isə, düz 1 həftə o işimin üzərində çalışdım və bitirdim. Həmin iş indi də mənim xoşuma gəlir. Ümumiyyətlə, əslinə oxşamasa da özünəməxsus idi. Deyəsən, alınmışdı. Atam işə baxdı, şəklin formatına, çətin işin alınmasına təəccübləndi. Soruşdu ki, bunu nəvaxt, harda çəkmisən ki, xəbərimiz olmayıb?

Heç nə demədim, şəkli tələsik çərçivəyə salmaq üçün axtarışa başladım. Ensiz baqet (naxışlı çərçivə) çərçivəyə salıb atamın icazəsi ilə divardan asdım.

Səttar müəllimin gəlişi isə lap yerinə düşdü. Atam bu şəklin təqdimatını yaddan çıxarmadı. Səttara:

- Səttar! Bir buna bax! Ələkbərin işidir.!

Onsuz da Səttar işi evə girən kimi görmüşdü. Heç nə demədən uzun müddət, müxtəlif məsafələrdən şəklə baxdı. Mən isə həyacanımdan üzümü şəkildən çevirmişdim. Atam da Səttardan cavab gözləyirdi. Səttar müəllimin ciddi üzü mehribanlaşdı, mənə yaxınlaşıb əlini uzatdı, o biri əlini çiynimə qoyub, zarafatla:

- Ayvazovskiyə əlavələr eləmisən? Yaxşıdır!!! Doğrudan, yaxşıdır! – dedi.

“Əlavələr” deyəndə atam maraqlandı ki, nə əlavə?

“Ələkbərin çəkdiyi bu tabloda dalğa Ayvazovskinin çəkdiyindən böyükdür, qorxuncdur! Amma maraqlıdır!”

Sonra Səttar müəllim bizə o əsərin süjeti və tarixçəsini danışdı: “Burda gəmi tufana düşüb, gecə batıb, səhər isə sağ qalanlar gəmi dorunun üstündə dalğalarla mübarizədə təsvir olunub. Gecədən sakitləşməyən okean səhərə yaxın sakitləşib və gün çıxan vaxt qəzəbli dalğaların sonuncusu – doqquzuncusu gəlir. Bu doqquzuncu dalğadan sonra onlar sağ qalacaqlar, ya yox? Bilinmir. Amma oğul bala bu dalğanı çox böyük çəkib”

Atam bu hekayəni və Ayvazovskiyə əlavələrlə bağlı deyilənləri bizə gələn qonaqlara fəxrlə dəfələrlə danışırdı. Eyvanımızın baş tərəfindən asılan, evə gələnlərin nəzərini cəlb edən Ayvazovskinin “Doqquzuncu val” tablosu bu gün artıq öz ömrünü başqa otaqda, üzü divara yaşayır. Elə bil ki, bu tablo ilə həmin dövr bitdi xatirələrdə.

Bu gün 45 il sonra Səttara həsr etdiyim “Sonuncu dərviş” filmini bitirib tamaşaçıların fikrini gözləyirəm. Yenə həmin həyəcan, yenə həmin təlaş. Yenə üzümü yana çevirib, tərif və qiymət gözləməyim yadıma düşür.

Ancaq bu gün məni tərifləyən olmayacaq. Buna arxayınam. Tərifə ehtiyacım da yoxdur. Ulu Sğttara olan borcumu, qismən də olsa, yerinə yetirdim. Tərifə, hörmətə layiq olanlar köçdü bu dünyadan. Okeandakı dalğalar sakitləşdi. Qəzəbli, tufanlı gündən qabaq sakitləşən okean kimi...

İndi nə atam var, nə də Səttar!

 

05.02.2006

 

Sübh namazı bitdi. İllərlə ürəyimə yığılan acılı-şirinli xatirələrlə, istəklərlə dolu dua-salamatlar bitdi. Dan yeri ağarmağa başlayır. Açıq qapıdan görünən tut ağacının yarpaqlarına baxıram, xəfif meh onlara toxunduqca yarpaqlar canlanır. Hamısı bir yerdə harasa baxır, nəyisə gözləyirlər. Səhərin intizarı ilə günəşə boylanırlar. Bəlkə mənim kimi onlar da nəfəslərini dərib yüngül yuxuya getmək istəyirlər?

Sübh namazı bitdi! Yenə özüm-özümlə qaldım. Böyük mal, qoyun, keçi sürüsünün arxasında atın üstündə özümü gördüm. Üzü qızaran günəşə tərəf gedirəm. Sevindiyimdən hətta soyuq da oldu mənə. Atın üstündə kıhnə pəncək var, onu əynimə geyinirəm. Bəlkə hündürdə - atın üstündə olduğuma görə soyuqdur? Atdan düşüb onunla yanaşı gedirəm. Axşamdan yağış yağsa da, qoyun-quzunun ayağının altından qalxan toz qarışıq gözəl səhər təravətli qoxu burnuma gəlir.

Ətrafa baxıram, hər tərəf sürüdür. Lap qabaqda, yan tərəflərdə, yorğun qoyun itləri gedir. Zingilti eşidirəm. Atın tərkində xurcunun içində, iki təzə doğulmuş küçük qoyulub. Zingiltiyə qoyun iti ata yaxınlaşır, hər şeyin qaydasında olduğunu görəndən sonra sakit-sakit atın yanınca addımlayır.

İçimdəki sakitliyi, öz varlığımı hiss etmək üçün qışqırmaq istəyirəm. Qışqırtı içimdə boğulur. Ətrafda hamı aramla yeriyir. Açıq qapıdan maşın dalınca düşən “QAİ”-nin mikrofonda səsini eşidirəm. Sanki gerçəkliyə qayıdıram. Adamların cərgəsi sıxlaşır. Onlar məni sıxır, az qala, yeriməyə qoymurlar. Amma nədənsə yeriyirəm. “QAİ”-nin səsi aydın eşidilir: “Tez ol, sür, sür! Tez-tez! Boşalt yolu! Ver sağa!”

Başa düşdüm, yenə səhər tezdən yolları bağlayıblar. Görəsən, kimdir səhərin gözü açılmamış qonaq gələn? Yadıma düşdü – bir nəfər dünən dedi ki, sabah bizi burda alver etməyə qoymayacaqlar. Bayramdır!

- Nə bayramıdır?, - soruşdum.

- Dirçəliş günü!

- Hə?

- Hə!

Dirçəliş günündə görəsən nə etmək lazımdır? Təzə olduğuna görə soruşdum.

 

18.10.2009

 

Deyilənə görə, uşaqlıqda ağlağan olmamışam. Görünür, bütün göz yaşlarımı sonraya saxlamışam... Anam həmişə deyərdi ki, Ələkbər heç nə istəməzdi, könlündən keçəni dərhal verirdik ona, ona görə də, ərköyün idi. Amma bacın Sədaqət bir şey istəyəndə, yəni yemək, konfet, qənd, sakitcə Ələkbərin qulağına pıçlldayırdı: ”Əppər! Onu (göstərərək) istəyirsən?” O saat aləm qarışırdı. Ələkbər qışqırıq salıb o, hər nədirsə, onu alardı, sonra Sədaqətlə bölüb yeyərdi”.

Danışmazdım uşaqlıqda, çox gec danışmağa başlamışam. İndi danışmağımın xeyri nədir ki... Kimlə nə danışım? Əslində indi də susuram. İndi kimsə məndən nəsə istəsə, qrəyimi parçalayıb ona verərəm! Amma məndən istəyənlər Sədaqət kimi səmimi deyillər axı...İstədikləri acı, tikanlı sözlər, öz zəhərlərini ətrafa yaymaqdır! O zamanlara qayıdıram. Nəyi axtarıram o vaxtlarda? Ürəyim sancır yavaş-yavaş, xəbərdarlıqlar tezləşir, ağlayıram tez-tez. Tək, Sədaqətsiz, heç kimsiz...Uşaqlıqda ağlamadıqlarımın əvəzinə ağlayıram. Düşünürəm. Çox ehtiyatla Murada başa salmaq istəyirəm: “Murad! Allah mərhəmətlidir. Onun hər bir anı ölçülüb-biçilib. Qorxmayın, ürəyim yavaş-yavaş ağrıyır ki, sən öyrəşəsən. Görürsən, Murad, insanlar bu dünyadan necə köçürlər? Özləri istəmədən. Amma mən istəyirəm! Rahat, heç kimi incitmədən, əzab vermədən köçmək istəyirəm bu dünyadan. Onsuz da hələ çox əzablar gözləyir məni, Allah necə də mərhəmətlidir!

Bu günlər, aylar mənim işsizliyim, məni əhatə edən haqsızlıq, həyasız kafirlər, hansını sadalayım?... Ruhumu, halımı yorub bunlar, ətrafa baxmaq istəmirəm, görmək istəmirəm! Birdən dəyişdi hər şey. Bir ürək açan, ümid verən işıq görünmür axı?...

Bəlkə qurtardı mənim payıma düşən xoş günlər? Bəlkə cəhənnəmin yerdəki anlarını yaşamağa başlamışam? Sualı ancaq özümə verirəm. İçimdən qopan təəssüf dolu ahım, bir-birinin ardınca cavabsız gəlir...

Birdən qalın paltarımın qolunda nəsə gəzdiyini hiss etdim. Xırda, xallı bir böcəkdir. Bəlkə baladır? Rəngi açıq qırmızıdır, qara da xalları var. Qolumdan düşüb masanın üstündə dayandı. Qanadlarını açsa da, uçmadı, başladı yeriməyə. Mən fikirli-fikirli bu qəfil qonaqla oynamağa başladım. Barmağımla yolunu kəsdim, dayandı, səmtini dəyişdi. Bu dəfə o biri barmağımla kəsdim yolunu. Yenə dönüb qayıtmaq istədi. Böcək iki barmağımın arasında dayandı. Bu maneələrin sonunu gözləmək üçün?

Düşündüm – Allah nə gözəl, nə incə, nə zərif yaradıb səni! Nə qədər hikmət, suallar var sənin bu yaranışında. Niyə səni əhatə edən maneələrdən qurtulub yuxarı uçmadın? Yuxarını ki barmağımla tutmamışdım? Uça bilərsən, bəs niyə uçmayıb, qanadlarını sallayıb durmusan? Səsini də eşitmirəm. İçimdə bir səs məni ağlatdı. Gözümü bu xırda, zərif böcəkdən çəkə bilmirəm. Danışmağa başlayıram onunla. Sən məni sakitləşdirib ümid verməyə gəlmisən! Gəlmisən ki, öz balaca vücudunla, düşdüyün vəziyyəti mənə göstərib, ibrət verəsən!

Barmaqlarımı böcəyin yolunun üstündən çəkdim. Amma o, heç yerə uçub getmədi. Bəlkə yenə nədənsə ehtiyat edib, gözləyir? Mənim hal-hazırki vəziyyətimə bənzəyir sənin vəziyyətin. Ey Allahın yaratdığı! Sən mənə bu vaxtımda ibrət verməyə, müqayisə edib düşünməyə məcbur etmək üçün, üzərimə qonub diqqətimi özünə çəkdin. Sakitləşdim! Allahın bu ahənginə, bu qüdrətinə şükr etdim!

Ey Allahım! Sənin qüdrət, mərhəmət, hikmətin sonsuzdur! Bu halımda xırda, köməksiz bir böcəyi məni sakitləşdirmək üçün göndərdin!

Üzülməkdə olan ümidin parlaması üçün! Haqqın təntənəsi üçün!

 

06.10.2009

 

Neçə milyon illərdir hər gün səhər açılır. Bu ahəng, bu nizam öz yolu ilə gedir. Bu gedən səhər qatarına çoxları minir, çox getmirlər, axşama qədər. Qatar yenidən səhər həmən yerdən, həmən dayanacaqdan yola düşür. Bu səhər qatarın bizi aldadıb apardığı yerdə bir sirr var! Deyə bilmirəm nə sirdir. O, qatarların içindədir. Bu ümid qatarı neçə milyon illərdi yol gedir. Səhər qatarının rahatlığını tərifləyənlər, bundan bəhrələnənlər olub. Qatar öz vaxtında, öz məqamında gəlir. Heç kimə heç nə vəd etmədən, heç kimə son dayanacağını demədən. O gəlməli, sən isə onu gözləməlisən – hər gün, hər səhər! Dua edək ki, gecikməsin!

O qatar torpağın altındakı sərnişinlərin üstündən sürətlə keçir. Ancaq o sərnişinlər daha böyük tutumlu qatar gözləyirlər. Vaqonların sayı məlum deyil. Bu səhər qatarının işığı sönəndən sonra o qatar gələcək. O qatarda düşünməyə vaxt çox olacaq! Elə maraqlısı da ordan başlayır. O vaxt biz səhər qatarını saymağa başlayacayıq. Sayını itirsək də, yadımıza salacaqlar! Hələliksə, ümid dayanacağında durmuşam!

 

16.10.2009

 

Dünən yağan ilk qar yerdə yığılıb qalıb. Soyuqdur! Külək qorxulu səslər çıxardaraq vıyıldayır, şaxta qəlbə, qana yeriyir.

İbadətim yenə də özümdən asılı olmayaraq, göz yaşları, için-için ağlamaqla bitdi.

Anam gözlərimin önünə gəldi. Ana! Sən bu dünyadan gedən gündən, heç vaxt hiss etmədiyim təklik, ümidsizlik, qəm-kədər mənə yoldaş oldu.

Soyuqdur. Üstünə ilk qar yağdı. Bu dünyada əriyib gedən bədəninə, görəsən, soyuqdurmu?

Düşünürəm orda sənə nə sual verim? Bilirəm ki, nə sual versəm, cavabını yenə özüm deyəcəyəm. Sənsə mehribanlıqla məni sakitləşdirib ümid verəcəksən. Amma sənin səsin mənə mənə çatmır. Bu dünyadakı son səsini telefona yaza bildim, qulaq asa bilməsəm də yazdım.

Tələsirdin getməyə - tez-tez nəfəsini verib bu dünyaya hava borcunu, hava qismətini qaytarırdın.

Soyuqdur. Ata! Sən həmişə müdrik olmusan, indi daha çox müdrikləşmisən. Sən indi ruhunun ən yaxşı vaxtlarını yaşamaqdasan. Allah sənə rəhm etsin! Bu dünyada öz ruhundan, canından çox istədiyin anam sənə qovuşubmu?. İnanıram ki, bu belədir. Allahın vədi də belədir. Anam bu görüşü 21 il gözlədi. Qoşa məzar sizə qismət oldu. Anam hər şeydən, hamıdan bezmişdi...Məndən başqa. Məndən nə istəyirdi anam? Nəyi demək istəyirdi? Nəsə sözü vardı – deyə bilmədi. Mənə qismət olmadı. Huşsuz, halsız, gözübağlı getdin bu dünyadan, ana! Gözlərini bizlərə yumub getdin. Bu, ciddi işarədir. İşarədən sonra isə nəticə gəlir. Nəticəni mən hiss edirəm. Gözlərini yumub bizə, mənə demək istədiklərinin yeri olmadığını bilirdin. Qismət deyilmiş? Qismət bizim ixtiyarımıza verildi. Mən o qisməti sizsiz yaşaya bilmirəm! Yoxdur bu dünyada məni səmimi sevən! Yoxdur heç kəs, hamısı yalandır. Çirklərlə dolu qəlblərin mənə qarşı çevrildiyini görürəm.

Ana! Ata! Sizin yanınıza gəlmək istəmirəm. Sizi narahat etmək istəmirəm. Mənim yolum başqadır. Sizin dediklərinizin, əməl etmədiklərimin cəzasını çəkməliyəm. Mənim gəlişim cəhənnəmdən keçərək, çox çəkəcək! Sonra mənim də üstümə qarlar yağacaq. Amma bu qarları isidən göz yaşlarına ehtiyacım olan vaxt boylanıb yola baxacağam – təmizlənmiş ruhumla!

 

26.01.2010

 

Muradın doğulduğu evin qabağında indi bir tut ağacı var. O ağacın yaşı elə Muradın yaşı qədərdir. 1984-cü il iyun ayından evin qabağında baş qaldıran bu ağaca dəymədik. Elə-belə boy atırdı günü-gündən. Muradın dayısı oğlu Abbas balaca olan vaxt, onunla birgə bu ağacı necə sulamaqlarını dəfələrlə lentə almışdım.

Ağac böyüdü, böyüdü və evin qabağını tutmağa başladı. Hər il onun budaqlarını dibindən kəsirdik ki, evə gün düşsün. Amma tut ağacı çox sürətlə böyüdüyündən tez də əvvəlki formasını alırdı. Hər il olduğu kimi, yenə o ağacın budaqlarını kəsib seyrəltdim. Sonra kənardan öz işimə baxdım. Evə gələndə hər dəfə diqqətimi özünə çəkirdi o ağac! Diqqətlə baxdım. O mənimlə danışmırdı – qışqırırdı. Ağacın fəryadını eşidirdim. Diqqətlə kəsilmiş budaqlara baxdım – haray çəkib yaralı qollarını yuxarı qaldırmışdı. Ağaca bir şəkil həsr etdim. Adı da belə oldu “Mənim 22 yaşım var”.

Muradla bir uyğunluq gördüm o ağacda. Daha ona əl vurmadım. Axı bu neçə ildə o böyüyüb bizə bar vermək, sevindirmək istəyini bildirirdi mənə.

Hər gün səhər namazından qabaq qapını açıb o ağacın yarpaqlarına baxıram. Doğmalaşmışam yarpaqlarla. Onlar da məni tanıyıb, incə titrəyişlə salamlaşırlar. Dualar oxunanda onların sakit, hərəkətsiz olub necə dinlədiklərini müşahidə etmişəm. Etirazlarını, sevinclərini görmüşəm o yarpaqların. Yağış yağanda üzərinə düşən damlaların ağırlığından, soyuqdan içəri can atan görmüşəm onları. Qəlbimdə bir sualım var o yarpaqlara: “Sizə də soyuqdur? Necə olursunuz bu havalarda?”

Heç nə deyə bilmirlər. Mənə anladırlar ki, aşağı bax! Ayaq altına tökülən sarı yarpaqlara. Yaşıl yarpaqlar yerə baxmağa qorxurlar. Tez titrəyib üzlərini başqa tərəfə çevirirlər – hələ yaşıl olanlara.

Ancaq gec-tez sonuncu yarpaq da o ağacı tərk edəcək. Həmin son yarpağın ilk düşən yarpaqdan xəbəri olmayacaq. Son yarpaq bütün canlılara qışın gəldiyini xəbər vermək üçündür. Onu görən də var, görməyən də, ancaq o tənha son yarpaq doğma yerindən ayrılmağa qorxur, indidən əsim-əsim əsir. Havanın soyuqluğuna görə yox, sonuncu olduğuna görə! Ağacın gövdəsi isə qışı tək qarşılamağa hazırlaşır.

Yenə soruşuram ondan: “Sənə soyuq deyil? Ağaclara soyuq olurmu? Mənə soyuqdur! Qırılıb yerə düşəcəyi anı gözləyən o son yaşıl yarpaq kimi. Mənə soyuqdur!

 

30.10.2009

 

“İlk kinoseans”

Uşaqlıq dostum Hacıbalaya həsr olunur

 

Əmircandakı həyətimiz balaca olsa da, çox səliqəli və rahat idi.

O vaxt küçəyə açılan indiki dəmir qapının yerində elə o boyda, bəlkə də ondan bir az böyük, içəridən açılan balaca qapı var idi. Babamın vaxtından qalan qapı çox köhnə olsa da üstündəki – həmişə təzə görünən, hamının nəzərini çəkən dəmirdən, qadın əli şəklində qapıdöyən par-par parıldayırdı. Dəmir əl elə incə düzəldilmişdi ki, hətta barmağında olan üzük də görünürdü.

Qapıdan içəri girəndə sağ tərəfdə köhnə uçuq pəncərəsi günçıxana olan mətbəx, demək olar ki, istifadə olunmurdu, baş tərəfdəki sobada anam paltar qaynadırdı.

Bizim üçün, elə qonşu uşaqlar üçün də oynamağa ən münasib yer bura idi.

Mətbəxin köhnə pəncərəsi günçıxana olduğundan, oradan üzbəüz yeganə ağ divara düşən işıq kinoekranı xatırladırdı. Onu da deyim ki, o vaxtkı uşaqlara qadağan olunmuş “oyuncaq”lardan biri də linza idi. Adi böyüdücü linza. Bizim evdə ondan nə qədər desən var idi. Onu günəşin şüasına tutub əlini, quru otları, kağızı yandıran, yanğın törədənlər çox olub.

Həmin an dəqiq yadımda deyil. Pəncərədən düşən gur günəş işığı məni dinc oturmağa qoymurdu. Ya günəşi, ya da günəşin qabağındakı ağacları linzanın fokus nöqtəsinə gətirib ağ ekrana oxşar divarda maraqlı görüntülər düzəldirdim. Birdən yadıma düşdü ki, atamın gizli saxladığı masanın gözündə qədim filmlərdən qalan lent qırıqları var. İcazəsiz yeşiyi açıb “Tarzan” filmindən (sonralar bilmişəm) bir kadrı gördüm. Gur günəş işığının qabağında linza ilə lentin arasındakı məsafəni taparaq, təsviri ekrana salmaq cəhdim uğurlu oldu. İntuisiya ilə hiss etdim ki, lenti bir adam, linzanı (obyektivi) isə mən tutub “kino” göstərə bilərik.

Artıq mənim bu eksperimentimə uşaqlar maraqla baxırdılar. Həmin mətbəxdə onlar kinoteatrda olduğu kimi sıra ilə oturmuşdular.

Uşaqlardan deyəsən, Hacıbala, Bəhram, Roza və Saşa idi. Mən onlara atamdan eşitdiyim tapşırıqları verdim. Yəni əlində tutduğu bir kadrdan ibarət lent qırığının kənarından tutmaq lazımdır. Sonra adi linza vasitəsilə güclü günəş şüasını lentin üzərinə tuşladım. Aman Allah, alındı! Ekranda kino kimi “Tarzan”ın iri planda donmuş üzü göründü. Uşaqların sevinci, təəccüb səsləri indiyədək yadımdadır. Mən elə bil yenidən kinonu ixtira etmişdim. Hacıbalanın əli əsə-əsə lenti uzun müddət saxladı. Bir xeyli hamımız eyni kadra, hərəkərsiz kadra baxdıq. Bizim o kadra, o “seansa” maraöımız məni bu gün də təəccübləndirir.

Səbəbini bilmirəm. O seanı biz ixtira etmişdik. Əsas səbəb bu idi. Bu gün özümdən soruşuram: “Bir kadra nə qədər baxmaq olar?” Biz o kadrın yox, kəşf etdiyimiz prosesin qarşısında susub qalmışdıq. Az sonra balaca dairəvi əyri güzgü ilə həmən seansı təkrar etdim. Ancaq sonralar linza, işıq, fokus məsafəsi haqqında çox şey öyrəndim. Sadə, ülvi, təmiz uşaqlıq kəşflərimiz idi. Heç kimdən heç nə istəmirdik. Özümüz bu dünyanın gözəlliklərindən zövq alırdıq.

 

25.09.2009

 

Biz orta məktəbdə oxuyanda hamımızın bir idman müəllimi var idi – Məmməd müəllim! Ona uşaqlar “şüə” də deyirdilər, yəni tam qara. Məmməd müəllim hündür boylu, daz, qara bir kişi idi. Qədim kişilərdən idi. Bığı Hitlerin bığı kimi, gözləri qırmızı, kənardan da çox zəhmli, əzazil adama oxşayırdı. Ancaq çox mehriban vaxtlarını da görmüşük, bu, söhbət eləyən vaxt olurdu.

İdman dərslərini səbirsizliklə gözləyirdik. Yayda məktəbin həyətində futbol, basketbol oynayardıq. Məktəbin arxa tərəfində qaçış meydançası var idi. Orada qaçır, taxtadan düzəldilmiş “qranat”ları tullayaraq qiymət alırdıq. Məktəbin böyük olmayan idman zalında müxtəlif idman ləvazimatları ilə yanaşı üzərindən tullanmaq üçün bir dəzgah da var idi. Məmməd müəllim ona “eşşək” deyirdi. Dərsin əvvəlində hamımız bir yerdə qaçandan sonra sıra ilə “eşşəyin” üstündən tullanırdıq. “Eşşəyi” qaldırdıqca tullananların sayı azalırdı, ancaq xüsusi hazırlığı olanlar o hündür “eşşək”dən tullana bilərdi. Amma iş onda idi ki, Məmməd müəllim bu tullanma prosesinə bizə yalnız dərsin əvvəlində icazə verirdi, sonra isə bütün dərsi bizə müharibədə başına gələn əhvalatlarla başa vururdu. Bizim idman forması geyinib oturmağımız çox darıxdırıcı olurdu, neçə-neçə belə nağıllarla Məmməd müəllimin dərsi sona çatırdı. Biz isə danışa bilmirdik. Məmməd müəllim solaxay, əli də ağır idi. Hər dəfə başımıza şillə vururdu.

Sinfimizdə iki nəfər pəhlivan, daha doğrusu “dvoresdə” “borbaya” (güləşə) gedənlər xüsusi diqqət mərkəzində idilər. O vaxt düləşlə məşğul olmaq çox dəbdə idi. Onlardan biri də Əli idi. Əlinin idman dərəcəsi olduğundan Məmməd müəllimin sevimlisi idi. Müəllimimiz həmişə onu əlinin altında birinci sırada oturdurdu.

Həmişəki kimi, Məmməd müəllim yenə öz cansıxıcı əhvalatlarından birinə başlamışdı. “Eşşəyin” üstündən bir “kruq” atlanmışdıq ki, Məmməd müəllim: “Bir dəfə möhkəm qar yağmışdı. 1943-cü il idi. Səhər durub gördük ki, yoldaşlarımızdan ikisi yoxdur. Hara gediblər? Ölüblər? Bilmirik. Mən üzü meşəyə getməyə başladım, tək idim. Birdən ayağımın altı yumru nəyəsə dəydi, səs eşitdim, qarı təmizlədim, gördüm insan başıdır. Qarı təmizləməyə çox vaxt gedərdi, bəlkə də həmin adam ölmüşdü. Buna görə də, əlimi onun başından keçirib boynuna aparıb, dik dartıb yuxarı çıxartdım. Sağ idi. O biri ayağım yenə kiminsə başına dəydi. Onu da əlimlə dartıb çıxartdım.

Məmməd müəllim əsgərləri qarın altından çıxartmağını elə göstərirdi ki, elə bil, taxtadan mıx çıxardır. Bizi gülmək tutsa da, qorxumuzdan özümüzü yığışdırırdıq. İnanılası deyildi axı?! “Bir dəfə...” kəlməsilə yenidən söhbətə başlayan Məmməd müəllim indi də Almaniyada, hansısa alman bunkerində bir azərbaycanlı ilə rastlaşmasından, milli xörəyimizi bişirməsindən danışdı.

Zəngin vurulmasına 5-6 dəqiqə qalırdı. Biz isə bir dəfə “eşşəyin” üstündən atlanmışdıq. Bütün sinif dilxor idi...Birdən Əli: “Məmməd müəllim, bir “kruq” atlanmaq olar, soyuqdur axı?” demişdi ki, Məmməd müəllim solaxay əlilə onun başına bir şillə çəkib: “Get eşşəyi qaldır! Başlayaq! dedi.

Əlinin başına vurulan zərbə cərgə ilə oturmuş uşaqların başı domino daşı kimi bir-birinə dəyib axırıncı oturanın başında dayandı.

Əli gedib eşşəyi qaldırdı. Elə təzə düzəltmişdi ki, zəng vuruldu. Məmməd müəllim sakitcə jurnalı götürüb zaldan çıxdı. İdman zalı ilə üzbəüz olan pilləkənin üstündə güzgü vurulmuşdu. Məmməd müəllim güzgüyə ötəri nəzər salan vaxt bizim uşaqlardan biri ondan “Məmməd müəllim, sizdə daraq yoxdur?” soruşdu. O, darağı soruşanın yadından çıxmışdı ki, Məmməd müəllimin başı tamam dazdır. Məmməd müəllim oğlana var gücü ilə solaxay bir şillə çəkdi. Həsən adlı oğlan yerə yıxıldı. Məmməd müəllimin döş cibindən son dəbdə olan üç sıra dişli daraq düşdü. Bu daraq Məmməd müəllimin nəyinə lazım idi? Bax bunu Həsəndən soruşmaq lazımdır!

 

2009, mart

 

“İlk vurulan rus oğlanı”...

 

Bizim evdən məktəbə qədər xeyli yol var idi. Kəndin bu başından o başına 10-15 dəqiqəyə çatırdıq. Səhər tezdən, adətim üzrə, ara yolla gedib, Nizaməddin məscidinin yanında olan Ağca xalamın nəvəsi, mənim sinif yoldaşım, yaxın dostum Rafiq Salayevin qapılarını döyməli idim. Qapı açılana qədər üzbəüz qolukəsik Aslanın evinin pəncərəsindən həmişə bayıra baxan xəstə qızı Xeyransa ilə görüşürdüm. Qız xəstə olduğundan bütün günü pəncərədə oturub gəlib-gedənləri, xəstə bərəlmiş gözləri ilə salamlayar, nəsə deyərdi.

Sonra Rafiqin nənəsi çörəyin arasında əncir mürəbbəsi olan bağlamanı onun çantasına qoyub yola salırdı. Rafiq dostumla məktəbin həyətində pəncərəyə söykənib, yeni hadisələr, yeni şəkillər və s. haqqında söhbət edərdik. Bu gün uşaqlar hamısı nədənsə danışırdı. “Bu gün davaya gedəcəksən?” soruşurdular. Nə dava? Kiminlə dava? Rafiqdən soruşdum. Bizdən yuxarı siniflərdən, elə aşağı siniflərdən də çoxu bu davada iştirak edirdi!

Kəndi Razinlə sərhədləyən Əmircan gölü var idi. Deyilənə görə qədimlərdə o göl quruyardı. İnsanlar satmaq üçün ordan duz yığardılar. İndisə göl daha qurumur, il-ildən suyu çoxalır.

Məktəbimizin yuxarı sinif şagirdləri, həm də aşağı siniflərdən olan qoçaqlar, gölün o tərəfində, yəni Razində yaşayanlara müharibə elan ediblər. İndi onlar deyilən vaxtda böyük dəstə ilə gölün sahilində görüşməli, kimin hakim olduğunu təsdiq etməli idilər.

Bu davada anamın dayısı oğlanları Əlibala və Fəttah da var idi. Yuxarı siniflərin rəhbərləri qoluzorlu olduğundan onların fonunda özümü arxayın və təhlükəsiz hiss edirdim. O vaxt uşaqların əlində primitiv üsulla düzəldilmiş “tapançalar” var idi. Ona “pajkatır” deyirdilər. Davaya hazırlaşanların hamısında “pajkatır” var idi. Bunların müxtəlif kalibr formaları, yəni bir lüləli, iki lüləli, böyük diametrli və s. var idi.

Mis boru parçasını, taxta qulp üzərinə bərkidiləndən sonra, kibritin qara, barıt hissəsi, üstündən də mıx. Metal parçalar doldurulurdu. Borunun xüsusi açıq yerindən kibritə od vurmaqla atəş açırdılar. Borudakı mıx parçaları ilə qarşı tərəfə atəş açılırdı, çoxlu yaralanan, ölən, əlində partlayıb əli kəsilən, gözü çıxanlar olurdu. Hər zamanın dəbdə olan bir oyuncağı olur. Bu qorxulu odsaçan oyuncaqdan mən də düzəltməyə başladım. “Dava” vaxtına az qalırdı. Adətən, belə oyunlarda iştirak etmirdim. Bu dəfə gündüz dərs vaxtı olduğundan uşaqlara, dayı oğlanlarıma qoşulub “şor” (gölün) qırağına “döyüş” yerinə çatdıq. “Ruslar”, yəni Razin uşaqları ilə dava başlamalı idi. Mən öz qoşa lüləli “pajkatır”mı kibritin qarası ilə doldurmuşdum, ancaq mıx əvəzinə xırda daş parçaları qoymuşdum.

Başa salmışdılar ki, kibriti yandırıb bur tutarsan, vəssalam!

Davaya gələn rus uşaqları şalbanlardan ”plot” (üzən qayıq) düzəltmişdilər. “Şorun o tayında olan rus uşaqlardan bir qrupu “plot”da üzə-üzə bizimlə danışıqlara gəlirdilər. Ruslar çatar-çatmaz bizim uşaqlar onlara hücum etdilər. Aləm qarışdı. “Pajkatır”-ların səsi, doğrudan. Dava səsini xatırladırdı. Uşaqlarımız rusların böyük uşaqları əlbəyaxa döyüşə girişdilər, çomaq, daş ilə vuruşurdular. Biz kiçik sinif şagirdləri bilmirdik ki, nə edək? Kiminlə vuruşa bilərdik ki? Bizim yaşda uşaqlar yox idi. Arxaya çəkilib qaçmaq istəyirdik, ancaq qaça da bilmirdik, bizə məhəl qoyan yox idi. Bizim uşaqlar rusları əzişdirdilər, yerə yıxılan, başı yaralanan çox idi. Mən ürəklənib “plot”dakı – geri üzüb qaçan ruslara tərəf gəldim. Sahilin o biri tərəfində ruslar suya girə bilməyənlərə “pajkatır”lardan atəş açır, söyür, qışqırırdılar. ”Bizimkilər” gölün ortasında olan əzilmiş ruslara tərəf güllə atırdılar. Ancaq məsafə çox idi. Ora heç nə gedib çıxa bilməzdi. Mən də ürəklənib düzəltdiyim qoşa lüləni - “pajkatır”ımı gölə tərəf tuşlayıb kibriti çəkdim, atəş açdım.

Gölün o sahilində qalan “plot”un üstündəki uşaqlardan kimsə yıxıldı. Elə bildim ki, onu mən vurdum. Qorxdum. Amma yəqin bilirdim ki, o məsafədə heç nə ola bilməz! Sonra həmən oölan ayağa durdu. Sən demə, sahildə ayağı sürüşübmüş. Hay-küylə, “qələbə” sevinci ilə məktəbə qayıtdıq. Uzun müddət davanın müxtəlif epizodlarını xatırlayır, yeni davanın vaxtı ilə maraqlanırdım.

Ayağı sürüşüb yıxılan rus oğlanı tez-tez yadıma salırdım. Rus rəssamı Surikovun “Yermakın Sibiri alması” əsərini görəndə o rus oğlanı xatırlayıb, öz əməlimdən utanıram.

 

2009

 

Şəfiqə müəllimənin ikinci sinifinə yeni gəlmişdim. Şəfiqə müəllimə ilə ilə ilk tanışlıqdan mənim rəssamlıq qabiliyyətimi layiqincə qiymətləndirir, mənə dərsdən əlavə yeni maraqlı rəsmlər, tapşırıqlar verirdi. Uşaqlara “rəssam” kimi təqdim edilməyim çox xoşuma gəlirdi. O vaxtın uşaqlarının ən çox sevdiyi dərslərdən biri də əmək dərsi idi. Bu əmək dərsini ibtidai siniflər öz siniflərində, böyük siniflər isə emalatxanada – dəzgahlar vasitəsi ilə müxtəlif detallar, nümunələr hazırlayırdılar.

Əmək dərsində müxtəlif rəngli kağızlar, akvarel rəng qutusu, fırça, qayçı, rəngli qələmlərlə işləyirdik. Onu da deyim ki, indiki kimi mağazalarda rəngli kağızlar satılmırdı. O kağızları müxtəlif rənglərlə rəngləyib qurumağa qoyurduq, düzəldilən fiqurun maketi üzərində yapışqanla iş gedirdi. O vaxt mağazalarda kağız üçün ancaq bir cür yapışqan satılırdı. Keyfiyyəti yaxşı olmasına baxmayaraq, hər yerə ləkə salır, çox gec quruyurdu. Qurutmaq üçün kağızı sinifdə olan divar sobasının açıq qapısının ağzında müəyyən vaxt ərzində tutmalı olurduq. Bu dəfə isə əmək dərsində müəllimə mənim yerimi nədənsə dəyişmişdi. Orta sıradan qəşəng bir qızın yanında oturmuşdum. Xanım idi o qızın adı, ço səliqəli məktəb forması var idi. Məktəb formasını hamı mütləq geyinirdi, ancaq “Moskovski” forma çox nadir idi. Xanımda “Moskovski” forma idi.

Əmək dərsi çox vaxt sərbəst mövzularda olurdu. Yəni kim nə bacarırsa, onu da düzəldirdi. Mənim üçün əmək dərsi o qədər də maraqlı deyildi, ona görə də nə isə düzəltməyə tələsmirdim. Ancaq qonşum Xanım da çaş-baş qalmışdı. Bilmirdi nədən başlasın? Nə düzəltsin? Evdən gətirdiyi qovluğu açıb qabağına qoymuşdu. Burda müxtəlif rəngli parçalar, iynə, sap və s. var idi. O kağızı götürdü, kəsmək istədi, ancaq onun qayçısı yox idi, arxa tərəfə, qabaq sıraya boylandı. Bildim ki, qayçı axtarır. Atam Moskvadan məzuniyyətdən qayıdanda bizə evdə hamımıza balaca qulpları balıq şəkilli qayçı bağışlamışdı. O cür qayçıdan bizim sinifdə yox idi, bəlkə də heç məktəbdə də olmazdı.Mən iki qulpu balıq şəkilli qayçımı çantadan çıxarıb Xanıma verdim. Xanım qayçısı olmağını tamam yadından çıxarmışdı. Heyranlıqla bu balıqlarla bəzədilmiş qeyri-adi qayçıya, mənə baxır, nəzərləri ilə “sağ ol” deyirdi. Bu baxışlar indiyə qədər yadımdadır. Təmiz, pak maraq dolu baxışlar! Bu baxışlar məni bir az ürəkləndirdi. Axı Xanımla biz heç tanış deyildik. Əlimi qayçının üstünə qoyub “bunu sənə bağışlayıram” dedim.

Xanım heç nə demədi. Baxışları ilə qayçının balıqlarını süzdü. Mən də dinmədim. Ancaq Xanımın susmağı məni narahat elədi.

Şəfiqə müəllimə bu ilk tanışlığı, bu uzun baxışları, əlbəttə ki, gördü. Sonralar artıq məktəbi qurtardıqdan sonra Şəfiqə müəllimə ilə görüşəndə o, qayçı məsələsini mənim yadıma saldı.

Yadımdadır ki, Xanım mənim hədiyyəmin müqabilində mənə nəsə bağışlamaq istəyirdi. Ancaq rəngbərəng parçalardan, saplardan və iynələrdən başqa heç nəyi yox idi.

O, uşaqlara məxsus hədiyyəni aldı və əvəzində heç nə vermədi. Ancaq məsum, pak, təmiz razılıq dolu baxışlar qaldı...

Bunun üstündən çox illər keçdi. Baxışlar, fikirlər, hədiyyələr dəyişdi. O baxışların təkrarı olmadı! Düz 21 ildən sonra (həyatda heç bir təsadüf yoxdur) Xanım adlı gələcək həyat yoldaşım məni “yaxaladı”. Bu nə qayçı, nə sap məsələsi idi. Bu, cavabsız qalan baxışların yeni yozumu idi. Bu yazını tez yazdım ki. yadımdan çıxmasın. Çox şeylər unuduldu...

 

09.04.2009

 

Orta məktəbin V sinfində oxuyurduq. O vaxt məktəb proqramından əlavə bədii oxumamaq qey-mümkün idi. Xarici ədəbiyyatın nümünələrindən, demək olar ki, heç nə oxumurduq. Rus klassiklərinin bəzisini, babat bilsək də, detektiv janrına böyük həvəs var idi.

Məktəbimizdə bütün siniflərdə dərs deyən bir riyaziyyat müəllimi, Mirzəcamalov idi. Adını heç kim bilmirdi. Onun çox yaxşı əl qabiliyyəti, rəssamlığı var idi. O, demək olar ki, mənim hazırladığım, şəkillərlə bəzədiyim qəzetləri bəyənirdi, heç bir irad tutmurdu. Ondan çox şey öyrəndim – böyük xətkeşlə kağızı bölmək, rəngləri qarışdırıb böyük kağızlarla bərabər rəngləmək və s. Arıq uzun sifəti, şək qulaqları yadımdadır, özü də zarafatcıl adam olduğundan, hamıya şübhə ilə baxırdı. Nəsə şək qulaqları onu çox uşaqları yerli-yersiz cəzalandırmağının əsas səbəblərindən idi. Ancaq “Qraf Monte Kristo”nu nəql edən zaman onun şək qulaqları yaddan çıxar, bizim qulaqlarımız şəklənirdi.

Tək bizim sinifdə yox, başqa siniflərdə də “Qraf Monte Kristo”nu danışırdı. Elə olurdu maraqlı yerində qalan epizodun sonluğunu böyük siniflərdən soruşurduq. Ancaq Mirzəcamalovun dilindən eşitmək başqa aləm idi. Onun danışığı beynimizdə görüntülərə çevrilirdi.

Ən maraqlı epizodlardan biri ömürlük həbs edilən adamın azadlığa çıxmaq arzusu idi. Onun xörək qaşığından bıçaq düzəldib daşı yontaraq o biri kameraya keçməsi idi. Hamı təəccüblənirdi. Onun qaşıqdan bıçaq düzəltmək məsələsi qaranlıq qalırdı.

Evdə neçə-neçə alüminium və melxior qaşıqdan Mirzəcamalov deyən bıçaq düzəltmişdim. Nə olsun? Korlanmış qaşıqlara baxaraq düşünürdüm – bu mənim nəyimə lazımdır? Sonra da tullayırdım. Həmişə düşünürdüm ki, o vaxt yəqin başqa, bərk metaldan qaşıqlar olub. Nə isə Mirzəcamalov danışır. Qraf daşı çıxardıb, ölən qocanın yanına gəlir. Qoca öz sirrini, gizlətdiyi sərvəti ona vəsiyyət edir. Edmond Dantes onun yerinə kisəyə girir, və onu ölmüş qrafın yerinə dənizə atırlar. Sonrası maraqlı deyil. Yox maraqlıdır.

Bu gün çoxsaylı məktəb xatirələrim arasında Mirzəcamalovun hekayələrinin xüsusi yeri var. O mənə düşünməyi, təsəvvür etməyi öyrədən, insan xarakterini açaraq gözəlliklər haqqında danışan ilk müəllimimdir.

Bütün müəllimlərə minnətdar olsam da, Mirzəcamalovun rolunu bəlkə də layiqincə təqdim edə bilməsəm də, Qraf Monte Kristo həbsxanadan çıxandan sonrakı əhvalatlara yaxşı qulaq asıb yadda saxlamamışam. Çox heyif! Bu gün əlimdə “alüminium  qaşıq” sərt sal daşları qaşıyıb, ovub zindanda qalmışam!

Qraf Monte Kristo isə zindandan çıxıb bütün düşmənləri ilə haqq-hesab çəkib...

Nə isə “qaşıq” hələ əlimdədir...

 

24.09.2010

 

Oğlum Murada

 

Arxayın olun, bu, mənim son sözüm deyil!

Allah mənə bəxş etdiyi əvəzsiz nemətlər işində, sayıb qurtara bilmədiyim gözəl hisslər, məqamlar var ki, bunları heç bir kağız, lent, ekran özünə sığışdıra bilməz. Hər hansı bir sənətlə, məşğul olduğum dövrdə “dostlarım” da çoxalırdı, “geriyə yol yoxdur” prinsipi ilə rejissor sənətinin bəzi anlarını yaşayırdım. “Dostlarım”ın paxıllıq elədiyi bu sənətdə elə də “ləzzət” yoxdur. Əzab-əziyyət, özün və cəmiyyət qarşısında məsuliyyət var bu sənətdə...

Yayındırmaq üçün müxtəlif sənətlərdə özümü yoxladım. “Dostlarım” “Görəsən, sən daha nə ilə məşğul olacaqsan?” soruşurdular.

Bunu mən belə duyuram, gəlin siz də öz duyğularınızı mənimlə bölün! Özlərini məndən uzaqlaşdırırlar, zaman da onların xeyrinə işlədi. Bəhanələr tapıldı. Zaman öz imzası ilə onları təsdiq etdi. Öz fikirlərim, hisslərimlə tək qaldım uzun müddət. Uşaqlığıma qayıtdım, gözəl xatirələr məni kövrəltdi! Neçə-neçə istedadlı sənətkarlarla, şəxsiyyətlərlə görüşmək qismətim olub. Nə olsun? Həmən hissləri, acı anları yaşamaqdayam.

Dərman acıdır. Ancaq müalicə edir axı...

Sizin bu dünyada qazandığınız yaltaqlıq, paxıllıq oldu. Paxıllıq özünüzü kəsdi.

Burada fikrimi saxlamaq istəyirəm. Qoy həmişə Allahın bizə bəxş etdiyi işıq yansın. Onsuz da hər kəsdən bir kölgə düşür. O kölgəyə düşməyək. Üzümüzü qoy işıq, günəş dağlasın! Öz kölgəmizin yanında “tanınmayan” xain kölgə görməyək!

 

Dünən 8 Mart – bazar günü günorta namazı qılmağa hazırlaşırdım. Əmircanda idim. Böyük otaqda pianonun üstündəki canamazı götürəndə mənimlə üzbəüz atamın fotoportreti diqqətimi cəlb elədi. Elə bil onun ruhu, başı, bədəni mənə tərəf döndü, kövrəldim, gözlərim yaşardı. Əlimdə canamaz sənə baxırdım, səninlə danışmaq istəyirdim. Sənin sərt qaşların altından mənə baxan gözlərin mehribanlaşdı. “Halın necədi?” soruşdu. “Necəsən? Bu sənsən?” İndinin özündə də gözlərimin yaşını saxlaya bilmirəm. Nədir bu göz yaşları? Nədir bu baxış? Yəqin sənin narahat ruhun yenə də mənim haqqımda düşünür? İçimdə sözlər bir-birinə qarışa-qarışa: “Ata! Ata! Sən nə qədər məndən uzaqsan, nə qədər mənə yaxınsan? Sənin yaşadığın həyat, bizə bəxş etdiklərin niyə bizdən uzaqlaşır? Nədir, görəsən, bu biganəlik? O evə gələnlər heç sənin portretinə - üzünə baxırlarmı? Yox! Sən bəlkə də bunu o portreti, o fotonu çəkdirəndə bilirdin? Əlbəttə, bilirdin. Bəs eləsə, bu gün çevrilib mənim üzümə baxmağın nədir? Günahgar olduğuma görə göz yaşımı tökə-tökə yenə sənin ağ-qara portretinin qarşısında – ruhun qarşısında şikayət edirəm. Özün də bilirsən ki, sən qəlbimdən çıxmamisan! Düşünürəm ki, gərək atam bu günü də, bu “müvəffəqiyyəti” də görərdi. Sonra da fikirləşirəm ki, nə müvəffəqiyyət? Hansı gözəl həyat anını sənə göstərib fəxr edə bilərəm? Heç bir şey, heç bir gün!! Bəlkə sən məni yenidən uşaqlığa, o saf, təmiz vaxtlara aparasan? Axı yaşamışam o vaxtları...Amma sənə, anama yenə necə əziyyət verim? Yox, istəmirəm! Məni zorla aparsan da istəmirəm! Xəyalımda, ruhumda yaşayan, sizin üçün əzablı, qayğılı anları pozardım. Necə? Anamın bu gün dinməz, sual dolu baxışlarına baxıram! Nə qədər düzəlişlər var bu baxışlarda?! Sonra portretlərdə axtaracağıq bu anları!

Anam! Bəlkə içindəki cavabsız suallar artıq atama çatıb? Atam da elə buna görə üzünü çevirib bizdən?

Nə yaxşı ki, bu gün üzünü mənə çevirdin, göz yaşları ilə dolu hissləri yenidən sən diriltdin! Ata! Mən bu gün sənin ruhuna, diri anamın istədiyi o məqamlara, istəklərə müdaxilə edə bilmirəm! Mənə miras qoyduğun səmimiyyətə görə sənə borcluyam. Başqa məqamlarda, danışıqlarda bu səmimiyyətin yalnız adı qalıb. Gözlərim qaralır. Buzovna bağımızda, isti qumların arasındayam.

Sən quyu qazıyırsan, çox dərindəsən. Artıq suya çatmısan. Mən uşağam. Quyunun başından sənə baxıram. Suyun dadına baxmaq üçün sən qab istəyirsən. Üz qırxdığın vaxt işlətdiyin stəkanı anamdan alıb sənin üçün quyuya tullayıram. Sən stəkanı götürüb ehtiyatla təzə qayadan gələn suyun dadına baxırsan. Mən yaxşı danışa bilməsəm də, səndən soruşa bilirəm: “Ata, su şirindir, ya acı?” Sən gülə-gülə yuxarı baxırsan, heç nə demirsən. O vaxt sən cavabını uzatdın-uzatdın ki, indi məndən soruşasan? Həmin sual yenə quyunun dibindən qulağımda səsləndi, ancaq quyunun dibində bu dəfə mən idim. Ata, o sualı indi sən mənə verirsən: “Ələkbər, su şirindir, ya acı?” Quyuda su yoxdur, bilirəm, atam məndən hansı suyun dadını soruşur. Heç nə demirəm. Atam gedir. Susuz dərin quyuda tək qalıram. Yuxarıda külək narın qumları sovurub vıyıltı ilə göyə sovurur. Mən susuz quyunun dibinə sıxılaraq gözlərimi yumuram...Hər yer qaranlıqdır...

 

09.03.2009

 

“İlk yıxılan heykəl”...

 

Əmircandakı 97 nömrəli məktəbin qabağında çox da böyük postamenti olmayan, (3-4 metrə yaxın hündürlükdə) Stalinin heykəli var idi. Bu, Stalinin çoxsaylı heykəlləri arasında ən gözəli idi. Stalin ayağının ucuna qədər hərbi şneldə, əlləri arxasında, üzü gün çıxana tərəf baxırdı. Mən həmişə onun şinelinin altında görünən yaraşıqlı generalismus ulduzuna, papağına tamaşa eləyərdim. Üzü çox mehriban idi – Stalinin. Bəlkə onu hər gün gördüyümüzdən belə doğma idi? Bilmirəm. Müxtəlif yerlərdə, müxtəlif ölçü və pozalarda Stalinin heykəllərini görəndə yenə uşaqlıqda gördüyüm o heykəlin hamısından gözəl olduğunu düşünürəm. Onu tez-tez dəmir tozu rəngi ilə rəngləyirdilər. Biz uşaqlar bu hadisəyə maraqla baxırdıq. Mənim üçün həmişə rəngsazın Stalinin üzünü rəngləmək epizodu maraqlı olurdu. Gülürdüm içimdə, açıq gülə bilməzdim.

Stalinin üzündə, burnunda, gözlərində fırça gəzdikcə o, elə bil mənə baxıb utanırdı. İri, zəhmli gözləri mənə “baxma” deyirdi. Amma onun əlləri arxada idi, bəlkə də əlləri qabaqda olsaydı, qorxub qaçardım. Əsas da, yaraşıqlı kepkasını rəngləyəndə, elə bil, Stalin fəxrlə baxırdı mənə. Məktəbdə fotoaparat yeganə məndə olduğundan, bütün uşaqların şəkillərini Stalinin heykəlinin fonunda çəkirdim. Şəkli bir az uzaqdan çəkirdim. Heykəl bütöv, uşaqlar isə xırda alınırdı. Hamı şəkillərdən razı qalırdı. Əsas Stalin görünsün!

Məlum 1960-cı illər idi. Uşaqlar dedilər ki, Stalinin heykəlini sındırmaq istəyirlər. Hamımız sinifdən qaçıb heykəlin dövrəsinə yığışmışdıq. Bütün məktəb lal-dinməz durmuşdu. Axı bu, necə ola bilər? Kim onun heykəlini dağıda bilər?

Prosesə Ərrəhman adlı “drujinik” rəhbərlik edir. Ərrəhman bizim məhlədə olurdu, uşaqların, böyüklərin qənimi idi. Kim evinə taxta, daş gətirdi, Ərrəhman o saat onun başın üstünü alıb “icazəsiz” görülən iş haqqında milisə xəbər verirdi. Camaatın arasındakı xəlvət sözləri, xəbərləri Ərrəhman çatdırırdı lazım olan yerə!

Odur ki, bütün uşaqlar, böyüklər qorxu içində, lal-dinməz dayanmışdılar. Ərrəhman, yadımda deyil, kimlərdənsə ona kömək etməyi xahiş etdi, sonra hamını hədələyib “əmr” etdi ki, ipi Stalinin heykəlinin boynuna salmaqda ona kömək etsinlər. Camaat arxaya çəkildi. Ərrəhmana özü kimilərdən köməkçi tapıldı, qalın quyu ipini Stalinin boynuna keçirdilər. Ərrəhman boyca balaca, bədəncə yoğun, güclü idi, odur ki, ipi özü dartmağa başladı, bir neçə “drujiniklər” də köməyə gəldilər. Stalinin heykəlinin başı qopub yerə düşdü. Hamı bu başsız, əlləri arxada olan heykələ baxırdı. Ərrəhman Stalinin heykəlinin başını qırağa çəkdi, ayağın başın üstünə qoyub, kinolardakı cəlladlar kimi “Bu köpək oğlundan canımız qurtardı” dedi.

Bu sözdən sonra camaatın, elə bil donu açıldı. Hərə bu yıxılmış başdan bir parça qoparıb yadigar saxlamaq üçün götürüb qaçdı. Əlbəttə, Ərrəhman o daş parçalarını özləri üçün “əziz xatirə” kimi götürənləri yadda saxlayırdı. Sonradan onlar hamısı milisə çağırılıb, izahat alınaraq o “daş” parçalarını qaytardılar.Göxdən yayınanlar da oldu. Bəlkə də bu günə qədər evində o daş parçasını saxlayanlar var. Nə idi, görəsən, bu daş parçalarına olan məhəbbət? Qorxu ilə dolu məhəbbət?

Yadımdadır, bu hadisənin sonu çox maraqlı bitdi. Abidənin qalan hissəsini də sökdülər. Heykəlin içindən bir butulka çıxdı. Çox maraqla butulkanın içindəki kağızı açdılar. Ərrəhman kağızı açıb oxudu. Orada kiminsə soyadı yazılmışdı. Çox güman, heykəltaraşın adı, soyadı idi. Ərrəhman o butulkanı heykəlin salamat hissəsinə vurub sındırdı, kağızı isə cırıb atdı.

Bu gün də bu xatirəni yazanda bir şeyə təəssüflənirəm. Gərək mən də həmin kağız qırıqlarını götürüb saxlayardım. Heç olmasa, o heykəltaraşa hörmət naminə, adını bu gün demək üçün.

P.S. Belə söhbət gəzirdi ki, Ərrəhman Stalinin heykəlinin başını xəlvət özü evdə saxlayırmış. O sınmış başla uzun-uzadı söhbət edirmiş, sonra da qorxaraq, daş parçasın atıb qaçarmış. Bu hal Ərrəhmanda tez-tez olurdu. Nə o başı qorxusundan ata bilirdi, nə də axıra qədər onunla danışa bilirdi...

Ərrəhmanın ölümü isə ayrı bir mövzunun materialıdır. Ancaq onu deyə bilərəm ki, onun ölümünü türk rejissor dostuma danışanda, o çox maraqlandı və gözəl bir ssenari yazdı. O ssenarini isə mən danışa bilmərəm...

21.02.2009

 

 

ОТКАЗ ОТ ОТВЕТСТВЕННОСТИ: BakuPages.com (Baku.ru) не несет ответственности за содержимое этой страницы. Все товарные знаки и торговые марки, упомянутые на этой странице, а также названия продуктов и предприятий, сайтов, изданий и газет, являются собственностью их владельцев.

Журналы
"Зубастые шарики, пожирающие реальность......
© Portu